featured-image-19932

Kadinin “Qarabağ”dan gedişi rəsmiləşdi. Braziliyalı futbolçu yaxın vaxtlarda “Krasnodar”la rəsmi müqavilə bağlayacaq. İlk dəfə deyil ki, Ağdam klubu liderlərindən biri buraxmağa razılıq verir. Düzdür, Kadinin Rusiya klubuna keçidi “köhlən atlar”ın büdcəsini xeyli artırmış olacaq. Sergey Qalitskinin klubu 5 milyon avronu “Qarabağ”a 2 dəfəyə ödəyəcək. Bir çox mütəxəssislərin fikrincə, Qurban Qurbanovun komandası bu qiymətə ən azı 3 yaxşı futbolçu ala bilər. İndi əsas məsələ məhz seçim edərkən yanılmamaq, doğru seleksiya aparmaqdır.

Biz isə “Qarabağ” tarixindəki bu cür gedişləri  bir daha yada salırıq.

İbrahim Şehiç 

Bosniyalı qapıçı 5 il Ağdam klubunda çıxış etdikdən sonra 2018-ci ildən komandadan ayrıldı. Hələ də bir çoxları elə düşünür ki, Şehiçdən sonra “Qarabağ” istədiyi stabil, daim yaxşı performans göstərən qolkiperi tapa bilməyib. Şehiç azsaylı futbolçulardandır ki, onun “Qarabağ”dan sonrakı karyerası da parlaq alındı.

İki il (2018-2020) “Ərzurumspor”un qapısını qoruyan İbrahim 2020-dən “Konyaspor”dadır. Əminliklə demək olar ki, o, hazırda Türkiyə Super Liqasının ən yaxşı əlcək sahiblərindən biridir. Konya təmsilçisinin ötən mövsüm bürünc medal qazanmasında qapıçının da böyük rolu oldu. Şehiç 2021-2022-ci illər mövsümündə 37 oyunda meydana çıxıb. Cari çempionatda isə o, 14 qarşılaşmada çərçivəni qoruyub.

Dino Ndlovu 

Cənubi Afrika Respublikasından olan hücumçu “Qarabağ” azarkeşlərinin ən çox sevdiyi futbolçulardan idi. Dino 2016-2018-ci illərdə Ağdam klubunun formasını geyindi. O, 2017\2017-ci illər mövsümündə Azərbaycan çempionatında 23 oyunda 10 qol vurdu. Ndlovunun beynəlxalq matçlarda vurduğu vacib qolları da unutmaq olmaz. 2017\2018-ci illər mövsümündə Çempionlar Liqasında “Kopenhagen”in səfərdə qapısına yol tapıb “Qarabağ”ı qrupa çıxaran futbolçulardan biri məhz Ndlovu idi.

Amma Şehiçdən fərqli olaraq CAR-ılı hücumçunun Azərbaycandan sonrakı karyerası istənilən kimi alınmadı. O, “Qarabağ”dan Çindən gələn yaxşı təklifə görə ayrıldı. “Çjetzyan Qrintaun” daha çox pul təklif etdiyindən Uzaq Şərqə yollandı. 2018-2021-ci illərdə bu komandada 65 oyuna 41 qol vuran forvard sonra gözlənilmədən Türkiyə I liqasında göründü. Lakin “Kocaelispor” macərası elə də uzun çəkmədi – 15 oyun, 9 qol. Zədə səbəbindən “Kocaelispor”dan gedən hücumçu yenidən Çinə döndü. Bu dəfə “Çançun Yatay” klubuna. Dinonun yaxın vaxtlarda Türkiyəyə gəlib bu dəfə “Boluspor”la müqavilə bağlaması gözlənilir.

İbrahima Vadji 

“Qarabağ” Vadjinin də satışından pul qazanmışdı. Seneqallı hücumçunun “Sent Etyen”ə gedişindən sonra gözlənilirdi ki, Ağdam klubu onun əvəzinə yaxşı hücumçu alacaq.  Lakin “köhlən atlar” Avropa Liqasının qrupuna eyni heyətlə davam edib 3-cü oldular və Konfrans Liqasına getdilər. Klubun büdcəsinə pul gəlsə də, görünür, “Qarabağ” həmin vaxt istədiyi futbolçunu tapa bilmədi.

Vadjiyə gəlincə isə, 27 yaşlı hücumçu hiss olunur ki, hələ “Sent Etyen”ə uyğunlaşa bilməyib. O, Fransa Liqa-2-də 11 görüşdə üç dəfə fərqlənib. Hətta son günlər belə bir xəbər də yayılmışdı ki, Vadji yenidən “Qarabağ”a bu dəfə icarəyə qayıda bilər.

ELNUR MƏMMƏDLİ  

 

 

Bənzər xəbərlər