featured-image-19943

Kadi Borgesin “Qarabağ” dönəmi başa çatdı. Braziliyalı futbolçu yaxın günlərdə “Krasnodar”ın düşərgəsinə qoşulacaq. Ağdam klubunun bu keçiddən 5 milyon avro əldə edəcəyi deyilir. Bəs Kadinin “Qarabağ”dan gedişi “Genk”lə Konfrans Liqasının pley-off matçı ərəfəsində komandaya nə dərəcədə təsir edəcək? Azərbaycan çempionu qısa vaxt ərzində top futbolçu tapıb müqavilə bağlaya biləcəkmi?

Tanınmış menecer Vaqif Heydərli Msport.az saytına açıqlamasında Kadinin “Qarabağ”dan gedişini dəyərləndirdi:

“Kadinin gedişi “Qarabağ”a ilkin olaraq 5 milyon avro qazandırdı. Bundan başqa, bu, nüfuz deməkdir. “Qarabağ” artıq 5 milyona oyunçu transfer edə bilir. Həm “Qarabağ”, həm də ölkə futbolu adına çox ciddi hadisədir. Bu, Ağdam klubunun bundan sonrakı transferlərində də, istər oyunçu satışı, istər alışı – ciddi təsir göstərəcək”.

Bəs Kadinin gedişi ilə Azərbaycan çempionu nə itirdi?

“Təbii ki, əsas oyunçularından birini itirdi. Amma o fikirdəyəm ki, Kadinin gedişi danışıldığı kimi “Qarabağ”ın ciddi şəkildə enişinə səbəb olmayacaq. Çünki “Qarabağ” sistem komandasıdır, fərdlərdən asılı kollektiv deyil. Təbii ki, müəyyən boşluqlar olacaq. Lakin dəhşətli dərəcədə təsiri olmayacaq.

Qısa vaxt ərzində top səviyyəli futbolçu tapmaq çətin məsələdir. Bu bir az şans məsələsidir. Ola da bilər, alınmaya da bilər. Gedib statistikası və yaxud qiyməti yüksək olan oyunçu gətirərsən, amma Kadinin effektini verməyə bilər. Bir məsələ də var ki, Kadi gəlməmişdən qabaq, nəinki “Qarabağ”, digər bütün klublarımıza təklif etsən, götürməzdilər. Həm statistikasına, həm klubunun mövqeyinə, həm də liqasına görə. Amma gəldi və özünü sübut elədi. Bu dəqiqə o suala cavab vermək çox çətindir ki, “Qarabağ” qısa vaxt ərzində keyfiyyətli futbolçu tapa biləcəkmi? Mütləq transfer edəcəklər, amma bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək”.

Vadjinin satışından sonra hamı gözləyirdi ki, Ağdam klubu yeni transfer edəcək, amma həmin ərəfədə heç kimi almadılar. Avropa Liqasının qrup mərhələsinə eyni heyətlə davam etdilər. Heydərlinin məsələyə münasibəti belə oldu:

“Vadjinin satışı olan vaxtı komandada Ovusu Kvabena var idi. Düzdür, şans az qazanırdı deyə, özünü göstərə bilmirdi. Daha çox oynayan kimi  qollar vurmağa başladı. Həmin mövqedə gənc Musa Qurbanlı var.

Əslində Kadinin də mövqeyində futbolçular var. Zədəli olmasa Ozobiçi deyə bilərik. Həmin mövqedə dəyişiklik etmək üçün futbolçular var. Ehtiyat qüvvə isə bəli, azaldı. Transfer olmaya da bilər. Amma indiki məqamda bu real görünmür. Çünki say olaraq da futbolçu çatışmazlığı var”.

 

Bənzər xəbərlər