Kaxaber Sxadadze: “Rahatlaşmaq əsla yolverilməzdir”
Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlıq çərçivəsində “Qəbələ” – “Sumqayıt” yoxlama matçı (1:0) keçirilib.
Msport.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bölüşüb.
Gürcüstanlı mütəxəssis hələ çox işləməli, çox artırmalı olduqlarını deyib: “Yeni futbolçularımız var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdır. Rahatlaşmaq əsla yolverilməzdir. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda da yaxşı oynamışdıq. Bu dəfə isə əksər futbolçular 80 dəqiqədən çox meydanda oldular. Hələ çox işləməli, çox irəli getməliyik”.
Sxadadze transferlər məsələsinə də toxunub: “Transferlər də olmalıdır. Bu məsələ hazırda ən vacib məsələlərdən biridir. İdman direktorumuzla yeni transferlərin həyata keçirilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdır. Həm də düzgün istiqamətdə güclənmək”.