“Kəpəz”in baş məşqçisi: “Heyətə yeni oyunçular qoşulacaq”
“Kəpəz”in məşqçilər heyəti çatışmazlıqları aradan qaldırmağa çalışır.
Msport.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Adil Şükürov deyib.
O, “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bildirib: “Toplanış çərçivəsində plana uyğun olaraq “Qəbələ” ilə yoxlama oyununda qarşılaşdıq. Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. İlk yarıda bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Heyətə yeni oyunçular qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik”.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan yoxlama matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.