“Kəpəz”in qapıçısı: “Qarabağ” güclüdür, amma futbol proqnozu sevmir”
“Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin ardı gəlməlidir”.
Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Portuqaliyalı qolkiper Premyer Liqanın IX turunda “Neftçi”yə 4:3 hesabı ilə qalib gələrək məğlubiyyət seriyasına son qoyduqları qarşılaşma barədə təəssüratlarını bölüşüb: “Çempionatda işlərimiz istədiyimiz kimi başlamadı. Ardıcıl oyunlarda uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə matç son şansımız idi. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhvali-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı”.
O, öz çıxışını da dəyərləndirib: “Görüşün sonlarına doğru rəqibin iki zərbəsi oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik”.
R.Santos çempionatda milli komandaların oyunları ilə bağlı yaranan fasilənin komandasına yaxşı təsir edəcəyini bildirib: “Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Qarşıda bizi “Qarabağ” kimi güclü rəqiblə matç gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək”.
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının birinci dövrəsindən sonra 3 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.