featured-image-21270

Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır. Turun ilk oyunu Gəncədə “Kəpəz”lə “Qəbələ” arasında keçiriləcək. Amma əksər klublar hələ də transfer işlərini başa vurmayıblar. Düzdür, Azərbaycanda transfer pəncərəsi fevralın 9-da bağlanır və o vaxta qədər hələ komandalar heyətlərini gücləndirə bilərlər. Yəqin ki, biz qarşıdakı günlərdə yalnız əcnəbi oyunçuların keçidlərinin şahidi olacağıq.
Özünə klub tapa bilməyib boşda qalan azərbaycanlı futbolçular da var. Xatırlamağa dəyər.

Araz Abdullayev – 30 yaş
Samir Abasov “Sumqayıt”a gəldikdən sonra ilk qapını göstərdiyi futbolçulardan biri millimizin sabiq üzvü oldu. Əvvəllər belə durumlarda Araz rahat şəkildə özünə Kiprdə, Türkiyə I liqasında komanda tapa bilirdi. Amma indi artıq əvvəlki sürətli, texnikalı, kreativ Abdullayevdən əsər-əlamət qalmayıb. Karyerası ərzində “Anortosis”, “Boluspor”, “Etnikos”, “Panionios” kimi klublarda çıxış etmiş vinger hələ ki heç bir komandaya lazım deyil. Qeyd edək ki, Abdullayev vaxtilə “Neftçi”, “Qəbələ”, “Qarabağ” kimi klublarda kifayət qədər yüksək ödənişli futbolçu olub.

Təmkin Xəlilzadə – 29 yaş
Rəşad Sadıqov mövsümün gedişində futbolçunu əvəzedici heyətə göndərəndə bilinirdi ki, bu iş elə belə qurtaran deyil. Sonradan Təmkin əfv olunub əsas komandanın heyətində bir neçə oyunda meydana çıxdı. Amma bəlli idi ki, “Zirə”nin baş məşqçisi onun nazı ilə çox oynamayacaq. Xəlilzadənin xarakterində ciddi problemlər var. O, əvvəllər formasını geydiyi klublardan da çox vaxt elə buna görə ayrılıb. 29 yaşlı müdafiəçinin “Sumqayıt”la anlaşacağı gözlənilsə də, deyəsən, tərəflər son anda ortaq məxrəcə gələ bilməyiblər.

Fəhmin Muradbəyli – 26 yaş
Fəhminin bu dəqiqə ən çox oynamalı, yaxşı formada olmalı vaxtıdır. Amma o, ötən ilin yayından klubsuzdur. Bir vaxtlar “Neftçi”nin ən perspektivli futbolçularından hesab olunan vingerə indi yaxın duran yoxdur. Bu da təbii ki, onun öz günahıdır.

Vüqar Bəybalayev – 29 yaş
Aleksey Baqanın vaxtında ötən ilin qış fasiləsində “Sumqayıt”a cəlb olunan yarımmüdafiəçi heyətdə yerini möhkəmləndirə bilmədi. Samir Abasov gələn kimi onun yola salınmasını istədi. Bəybalayev bir ara klubsuz qalanda Gürcüstana gedib “Telavi”nin formasını geyinmişdi. Görək, bu dəfə nə edəcək?

AYXAN

Bənzər xəbərlər