“Komandamız Azərbaycanın istənilən oyun modelinə hazır olacaq” – Rebrov
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla Bakıda keçiriləcək oyun öncəsində mətbuat konfransına qatılıb.
Msport az xəbər verir ki, o, əvvəlcə Azərbaycan millisində baş məşqçi dəyişikliyi – Fernandu Santuşun istefaya göndərilməsi ilə ilə bağlı məsələyə toxunub:
“Bu, hazırlığımıza, oyunumuza təsir göstərəcək. Biz artıq rəqib komandanı analiz etmişdik. Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçulara göstərmişdik. Amma əsas məsələ sabah bizim nə göstərəcəyimizdir.
Hesab edirəm ki, komandamız Azərbaycanın istənilən oyun modelinə hazır olacaq. Hazırda rəqibin oyun üslubunu komandaya göstərmişik, lakin müəyyən düzəlişlər ediləcək”
Baş məşqçi “Sabah çox zəif rəqibə qarşı oynayacaqsınız. Asanlıqla qalib gələcəyinizi düşünürsünüz?” sualını isə belə cavablandırıb:
“Xeyr. Düşünürəm ki, sabah çətin oyun olacaq. Ümid edirəm ki, bu mətbuat konfransını bizim futbolçular dinləməyəcəklər. Çünki komandalar baş məşqçini dəyişəndə, bu, müxtəlif cür qəbul edilə bilər. Hesab etmirəm ki, Azərbaycan millisi zəif komandadır. Onların oyunlarını izləmişəm, xüsusilə də İslandiya ilə ilk hissəni. Deməzdim ki, Azərbaycan zəif oynadı. Komanda təşkilatlanmış şəkildə çıxış edirdi. Sadəcə, qol vəziyyətləri yarada bilmirdi. Sabah asan oyun olmayacaq. Futbolçuların bunu başa düşməsi və ilk dəqiqədən nəticə əldə etməyə çalışması üçün əlimizdən gələni edəcəyik”,
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Ukrayna matçı saat 20:00-da start götürəcək.