“Levski”nin aparıcı futbolçusu “Sabah”la oyunu buraxacaq
“Levski” Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la ilk oyununa ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, “göylər”in yarımmüdafiəçisi Georgi Kostadinov matçı buraxmalı olacaq.
Bu isə baş məşqçi Xulio Velaskes üçün ciddi itkidir. O, yalnız ən təcrübəli yarımmüdafiəçisini deyil, həm də komandanın liderini itirir. 34 yaşlı Kostadinov Avropa Liqasında “Braqa” ilə cavab oyununda zədə alıb və sonradan “Slaviya” ilə yerli liqadakı matçın (2:0) heyətinə də daxil edilməyib. “Levski”nin tibbi heyəti Kostadinovu “Sabah”la oyuna qədər sağaltmaq üçün əllərindən gələni edir. Lakin futbolçunun meydana çıxması, demək olar ki, mümkün olmayacaq.
Kostadinovun yoxluğunda mərkəz xəttində Qaşper Tərdinə tərəfdaş olaraq kapitan Tsunami, Asen Mitkov və Karloss Ohene namizəddirlər. Son iki oyunçu “Slaviya” ilə bazar günü keçirilən görüşdə start heyətində meydana çıxmışdı, Tsunami isə müdafiədə oynamışdı.
Qeyd edək ki, “Levski” ilə “Sabah” arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.