featured-image-63935

“İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik. Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatı verdik”.

Msport.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstan yığması üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib: “Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədirlər. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbəyə gətirib çıxardı. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.

Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inanır: “Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.

Bənzər xəbərlər