Millimizin baş məşqçisi: “Oyunun önəmi çox böyükdür”
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Litvaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə danışıb.
Əsgərov heyətdə itkilərin olduğunu söyləyib. Lakin çalışdırıcı bunun problem yaratmayacağını düşünür: “Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik. Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Heyətimizdə bəzi itkilər olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur”.
Siyasət Əsgərov rəqib barədə ətraflı məlumata sahib olduqlarını sözlərinə əlavə edib: “Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.
Qeyd edək ki, Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.