Millimizin müdafiəçisi yenidən Türkiyə klubunda
Sərtan Taşkının “Sumqayıt”la yollarını ayırmasının səbəbi bəlli oldu.
Msport.az xəbər verir ki, cinah müdafiəçisi vaxtilə oynadığı Türkiyəyə qayıtmaq üçün bu addımı atıb.
2024-cü ildə “Turan Tovuz”dan 1-ci liqa təmsilçisi “Manisa”ya 100 min dollara satılan oyunçu yenə eyni yolla gedib. Sərtanın budəfəki klubu “Serik Belediyespor”dur. O, bir illik müqaviləni rəsmiləşdirib.
“Kimyaçılar” onun sərbəst futbolçu kimi getdiyini açıqlasa da, futbolçunun alacağı puldan klub rəhbərliyinə müəyyən miqdar ödəyəcəyi söylənilir. Həmişəki kimi, “Sumqayıt” bir qrup şəxsin biznes-obyekti olaraq qalır və gedənlər kluba yox, onun idarəçilərinə pul qazandırır. Müqaviləsi davam edən Taşkının sakitcə yola salınmasının başqa səbəbi yoxdur.
27 yaşlı futbolçu Türkiyə 1-ci Liqasına yüksələn “Serik Belediyespor”da Sergey Yuranın rəhbərliyi altında çalışacaq. Vaxtilə “Simurq”a rəhbərlik etmiş rusiyalı mütəxəssis 3 həmvətənini də Türkiyəyə aparıb.