“Neftçi”nin məşqçisi: “Bu durumdan çıxmağa çalışırıq”
“Neftçi” Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, “ağ-qaralar”ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm.
– Zədəli futbolçulardan kimlər “Sabah”la kubok matçına kimi hazır olacaq?
– Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib, meydana qələbə üçün çıxaq.
– Emil Səfərovun zədəsi ciddidir?
– Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq.
– “Sabah”ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Sizin buna münasibətiniz necədir?
– Oxumamışam, məlumatım yoxdur. Bilmirəm, nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməyim düzgün olmaz.