featured-image-21517

“Neftçi”nin gününə saatlarla, günlərlə ağlasan, bəs eləməz. Ölkənin ən yaşlı klubu dünən 5-6 il əvvəl yaranmış komanda qarşısında aciz qaldı. Bəlkə də burda aciz seçilmiş ən yüngül kəlimədir. “Neftçi” dünən meydanda yox idi, nə etmək istədiyi bəlli deyildi. Mikkels, Kaşuk, Volkov “Neftçi”nin müdafiə xəttini aşsüzən etmişdilər. Solomon Kvirkveliya kimi illərin təcrübəsi artıq 7-ci dəqiqədə cərimə meydançasında ehtiyac olmadığı halda əllə oynayır və penaltiyə səbəb olur. Ümumiyyətlə, ağ-qaralar”ın müdafiə xətti sözün həqiqi mənasında fiaskodur. 35 yaşlı ağır Stankoviç, ondan geri qalmayan 31 yaşlı Kvirkveliya, hələ üstəlik bu yaxınlarda da Höccət Haqqverdini transfer etdilər.

Günah təkcə Regekampfdadırmı? Artıq o qənaətə gəlmək olar ki, rumıniyalı məşqçi “Neftçi”lik deyil və heç nəyə nail olmayacaq. Lakin hər şeyi onun üzərinə yükləyib günahkar çıxarmaq da doğru deyil. “Neftçi”nin problemləri prezidentdən, rəhbərlikdən başlayıb, məşqçi, futbolçular və ən əsası sistemə kimi davam edir. Əgər klubun prezidenti istefaya göndərdiyi vitse-prezidenti işdən çıxara bilmirsə, onu daxildə kim ciddi rəhbər kimi qəbul edəcək?

Lavalı, Donyonu satan rəhbərlik onların yerinə heç də daha səviyyəli futbolçu almır, budur “Neftçi”nin əsas problemi! Əgər “Qarabağ” Fransa Liqa-1-dən leioner gətirirsə, “ağ-qaralar” bunun yarısını da edə bilmir.  Gözoxşayan təqdimatlar, “Neftçi TV”nin maraqlı verlişləri… nəticə olmayandan sonra bunların heç biri sizi xilas etməyəcək. Dünəndən “Neftçi” azarkeşlərinin əlindən sosial şəbəkələrə girmək olmur. Masazır tribunalarında qaldırılan batmış gəmi pankartı komandanın real durumunun göstəricisidir.

Dünən 86 dəqiqədə meydanda olan Kilian Lebonu görən oldu? “Astana”dan gələn oyunçunun Lavaldan nəyi güclüdür? Nə çıxış etdiyi klublar, nə statistikası, nə də elə dünən meydanda göstərdiyi performans Lavaldan artıq deyildi. Halbuki Laval satılıbsa, o pula daha yaxşı futbolçu almaq olmazmı?

Yaxud digər yeni transfer Mateus Saldanyanın Donyodan daha yüksək keyfiyyətli hücumçu olduğu iddia edə bilərik? Bir braziliyalı futbolçu 24 yaşında oynamağa Çinə gedirsə, artıq hər şey bəllidir. Donyodan söz düşmüşkən, qanalı forvard “Apollon”a gedən kimi bəyan edib ki, “hədəfləri olan klubda oynamaq istəyirdim”. Gorun çatlasın, ay “Neftçi”, səni elə vəziyyətə saldılar ki, Donyo da artıq bəyənmir.

“Neftçi” bu mövsüm 3 oyunun üçündə də “Sabah”a uduzub.  Baş məşqçi, futbolçular buna görə xəcalət çəkmirlər? Bunu özlərinə necə sığışdırırlar?

Neçə vaxt idi, söz-söhbət gəzirdi ki, qışda “Neftçi” yaxşı transferlər edəcək, heyət gücləndiriləcək. Guya SOCAR prezidenti Rövşən Nəcəf klubun Müşahidə Şurasının sədri seçildikdən sonra transfer büdcəsi artırılıb. Amma bütün bunların da quru sözdən başqa bir şey olmadığını görürük. Pato, Arveladze kimi futbolçular isə maaşlarını alıb özləri üçün Bakıda günlərini keçirirlər.

“Neftçi”nin yeganə təsəllisi kubokdur. Amma görünən odur ki, kuboka qədər “Qarabağ” (hazırda 15 xal geri qalırlar!) və “Sabah”dan (8 xal) bir xeyli geri düşəcəklər. Əgər kuboku da qazana bilməsələr, o zaman elə rəhbərlik də Rege ilə birgə Rumıniyaya gedib bir müddət orda qalsa, yaxşıdır.

AYXAN 

Bənzər xəbərlər