featured-image-10669

 

1995-1999-cu illərdə “Yablonets”də çıxış etmiş Robert Noyman Bakıya səfərini xatırlayıb. Çexiyalı veteran futbolçu 1997-ci ildəki Azərbaycanı çılpaqlığı ilə bizə xatırlayır.

Msport.az yazını kiçik ixtisarla sizə təqdim edir.

“Çexiya komandalarının tarixində təkcə “Slovan Liberets” yox, qonşu “Yablonents” də Plzenin Çempionlar Liqasının pley-offdakı rəqibi “Qarabağ”la qarşılaşıb. 25 il əvvəl. 1997-ci ilin iyul ayının sonlarında baş məşqçi İrji Kotrba, klub prezidenti Miroslav Peltanın da daxil olduğu heyət UEFA Kubokunun I təsnifat mərhələsində cavab matçı üçün Bakıya getmişdi. Həmin vaxt mən də komandanın üzvü kimi orada idim. Bu, bir çox cəhətdən kiçik sayılan bir klubun uzaq Azərbaycana, hələ inkişaf etməmiş ölkəyə macəralı səyahəti idi. Həmin vaxtdan ağlımda ilişib qalan xeyli xatirə var. Onlardan bəziləri  gülməli əhvalatlardır.

Avrokuboklarda ilk səyahətimizə böyük ümidlərlə Praqadan başladıq. Şam yeməyində təyyarənin dumanın üstü ilə uçduğunu öyrəndik. Pilotlar Odessada verilməli olan fasiləni lazımsız saymışdılar. İddiaya əsasən Bakı Hava Limanının  səmasında əlavə bir dövrə vurmaq yetərli olacaqdı. Ancaq bu yaxşı nəticələnməyə bilərdi. Dörd saatdan sonra Azərbaycan paytaxtına çatdıq.

Həmin vaxt Bakıda qalabiləcəyimiz bir otel var idi. Çirkli, adamı narahat edən otelin ərazisi çox da böyük deyildi. Otaqlarda, hətta lampaların yanındakı ekranlar belə qızılı rənglə bəzədilmişdi. Bu, inanılmaz “lyuks” idi.

Ancaq pəncərədən baxanda kədərli tablo görünürdü: Müharibənin təsiri ilə Dağlıq Qarabağdan gələn məcburi köçkünlər tavanı olmayan, inşası davam edən binalarda yaşamaq üçün çalışırdılar. Onlar beton örtüklü pilləkənlərdə bir neçə geyimə və ədyala sahib idilər.

Oyunöncəsi məşqə gedərkən Bakı küçələrində inanılmaz mənzərə ilə qarşılaşdıq. Evin fasadına mismarlanmış qarmaqlardan kolbasa və ət parçaları asılmışdı. Bəli, bura yerli qəssab dükanı idi. Eyni zamanda kölgədə 40 dərəcə istini hələ münasib hava saymaq olardı…

Komandanın həkimi Libor Hanuş Xəzər dənizində gəzinti zamanı əldə etdiyi təcrübədən danışdı. “Cənablar, bura üzmək üçün deyil. Su neft qatının bir az altındadır” – deyərək, o, bizə izah etdi. Xəzər dənizindəki çoxsaylı neft platformaları sadəcə olaraq sızırdılar.

Stadiondakı şərait də keçmiş vaxtları xatırladırdı. Paltardəyişmə otağı bizə yalnız köhnə Çex kinoteatrlarından tanış ola bilərdi. Bura kiçik, cılız stol və taxta oturacaqlarla təchiz edilmişdi. Stadion geniş, amma köhnə idi. Ot quruyaraq yanmışdı, görünür, heç vaxt su görməmişdi. Xoşagəlməz atmosferi hər yerdə hiss edilən isti daha da dözülməz edirdi. Belə bir ab-havada futbl oynamaq bir yana,  gəzmək belə çətin idi.

Oyun vaxtı tribunalarda tamaşaçılardan çox polis var idi. Evdə 5:0 hesabı ilə qalib gəldiyimiz üçün cavab görüşü formal xarakter daşıyırdı.  3:0 hesabı ilə qalib gəldik və polisin müşayiəti ilə mümkün qədər tez hava limanına çataraq Praqaya yollandıq. Bu dəfə istirahət üçün Moldovanın Kişinyov şəhərində dayanmağa dəyərdi. Moldovada o vaxt gecələr işığı kəsirdilər. Bütün şəhərdə yalnız uçuş-enmə zolağı işıqlandırılırdı. Səhər Praqaya eniş etdik və Bakı səfərinin geridə qalmasına sevindik.

Amma indiki Bakı tamam başqa dünyadır. 6 il əvvəl “Liberets”lə ora baş çəkmək imkanım oldu. Azərbaycan həqiqətən də irəliyə doğru böyük addım atıb. Futbol da daxil olmaqla. “Qarabağ” keyfiyyətli əcnəbiləri komandaya cəlb edir, indiki heyətdə də belədir. İki braziliyalı, bir fransız və ya bir qanalı.

 

İstənilən halda, “Plzen” artıq divarlarda kolbasa görməyəcək, yaraşıqsız paltardəyişmə otağı tapmayacaq. Əksinə, kondisionerli, hər cür şəraitlə

təmin olunacaq yerləri müşahidə edəcək. Həm də arxayın ola bilərlər ki, onlara qarşı son dərəcə güclü rəqib oynayacaq.

Bənzər xəbərlər