"Onlara Nissan-Navara" alıb göndərdim" - Yuri Vernidub
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına müsahibə verib.
Msport.az Sport.UA-ya istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis “ağ-qarlar”dakı fəaliyyətindən, Azərbaycan Premyer Liqasından, həmçinin Bakıdakı həyatından danışıb.
-Artıq yeni şərtlərə uyğunlaşmısınız və Azərbaycan futbolunda necə işləyirsiz?
-Əlbəttə, öyrəşmişəm. Səhər saat 7-də oyanıram, kofe içirəm və maşına oturub bazaya gedirəm. Saat 8:00-8:30-da orda oluram. Səhərdən-axşama kimi bütün günümü bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə gedib çıxıram.
Azərbaycanda da fəaliyyətim digəryerlərdə olduğu kimidir. Futbol fəaliyyəti hər yerdə eynidir: Maraqlıdır və eyni zamanda məsuliyyətlidir, özünə məxsus özəllikləri də var. İstərdim daha yaxşı hakimlik olsun, amma nə varsa, odur. Ötən oyunların birində özümü zornan saxladım ki, şərh verməyim. Mənim üçün ən vacibi odur ki, komandam oynasın. Qalan məsələləri qoy digər şəxslər şərh eləsinlər.
-Siz böyük tarixi və titulları olan klubun sükanı arxasına keçdiniz. Turnir cədvəlinə baxsaq, “Neftçi”nin bu mövsüm çempionluq uğrunda mübarizə apara bilməyəcəyi görünür. Komandanın hədəfi nədir?
-Mən “Neftçi”yə gəldim ki, nəticələri yaxşılaşdırım və imkanlardan maksimum istifadə edim. Heç bir yeni futbolçu götürmədim – məndən əvvəl olan komanda ilə işləyirəm. Burdakı uşaqlar heç də pis hazırlıq keçməyiblər, onlar texnikalı və sürətlidirlər. Hələ də medallardan birini qazanmaq şansımız qalır, qarşıda 10 oyunumuz var. Sona qədər döyüşəcəyik. Başqa nə edə bilərik ki? Avrokuboklarda çıxış etmək üçün istərdik ki, turnir cədvəlində yuxarı pillələrə qalxaq. Mən “Neftçi”yə gələndə ilk “dördlük”dən xal fərqimiz çox idi. İndi daha az olub. Odur ki, mübarizə aparacağıq, görək necə olur.
-Komanda ilə tez kontakt qura bildiz?
-Şükür Allaha, bu baxımdan hər şey yaxşıdır. Uşaqlar hər şeyi başa düşürlər, qarşılarına qoyulan tapşırıqları yerinə yetirirlər. Onların işə yanaşması xoşuma gəlir. Çempionatın sonunda baxacağıq, biz hardayıq, nə necədir.
-Həmyerlilərimizdən “Çernomorets”in sabiq üzvü Andrey Ştoqrin “Neftçi”də çıxış edir. Komandanızda ukraynalı legionerlərdən başqa kim var?
-Hələ ki başqa heç kim yoxdur. Mən görmək istədiyim futbolçular bura gəlməz – onların normal müqavilələri var və yaxşı klublarda oynayırlar. Mənə təklif elədiklərini isə yaxşı tanıyıram. Onlar mənə lazım deyil.
-Sizin oğlunuz Vitali bu yaxınlarda futbolçuluqdan məşqçiliyə keçdi. O, yeni rolda özünü necə göstərir?
-Şükür, hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər korpusunda çalışır. Vitali öz işinin öhdəsindən gələ bilir.
-Həyat yoldaşınız sizinlə bir yerdədir?
-Bəli, Bakıdadır. Məni gözləyir və yemək hazırlayır. Həmişə axşamlar evdə yemək yeyirəm. Lesya ilə bir stol arxasında oturub söhbət edirik. Həyat yoldaşıma gəlincə, o, özünü yeni yerdə yaxşı hiss edir. Bütün qadınlar kimi onun üçün əsas odur ki, Azərbaycan paytaxtında sakitlik və əminamanlıqdır. O, Bakıda gəzməyə də imkan tapır. Şəhər də çox yaxşıdır.
–Doğma ölkədəki hadisələri izləməyə vaxt tapırsız?
-Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Adama pis təsir edir. Bu axmaq müharibə çox kədər gətirdi. Qardaşım oğlunun arvadı artıq iki ildir döyüşür. Drujovka, Konstantinovka – bu bölgələrdə ağır döyüşlər gedir. Daim onlarla əlaqədəyəm. Bu yaxınlarda danışdıq və məlum oldu ki, onların maşınını cəbhə xəttində vurublar. Onlara “Nissan Navara” pikap-maşını alıb göndərdim. Şükür ki, avtomobili artıq qəbul ediblər, sürürlər.







