Premyer Liqa: “Zirə” 22 oyundur “Sumqayıt”a uduzmur
Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” və “Sumqayıt” üz-üzə gələcək.
Msport.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Komandalar indiyədək Azərbaycan çempionatında 42 dəfə qarşılaşıblar. Bu oyunların 25-də “Zirə”, altısında “Sumqayıt” qalib gəlib, 11 görüş heç-heçə başa çatıb. Topların fərqində də paytaxt təmsilçisi böyük üstünlüyə malikdir – 62:27.
“Zirə” rəqibinə qarşı son yeddi qarşılaşmanın hamısında qələbə qazanıb. “Sumqayıt” isə 22 oyundur bu rəqibini məğlub edə bilmir. Sumqayıt təmsilçisi sonuncu dəfə 2020-ci il oktyabrın 18-də “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. Həmin vaxtdan bəri keçirilən 22 qarşılaşmanın 16-da “Zirə” qələbə qazanıb, altı oyun isə heç-heçə başa çatıb.
Rəqiblər arasında son görüş mayın 17-də keçirilib. “Zirə” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.







