featured-image-56847

“Sumqayıt” Azərbaycan Premyer-Liqasının 12-ci turunda evdə “Sabah”ı məğlub etdi – 1:0.

Msport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Çox yaxşı komandaya qarşı oynadıq. “Sabah” həm hücum xəttində, həm də müdafiədə zəif çıxış etmir. Oyuna gəlincə, futbolçularımın motivasiyası yerində idi. Meydanda məşqlərdə verilən tapşırıqları yerinə yetirdik. Vacib və çətin qələbə qazandıq. Ümid edirəm ki, bundan sonra da belə istəkli çıxış edəcəyik.

– Son dəqiqələrdə ultramüdafiə olunduz. Bunun çox riskli olduğunu düşünmürsüzmü?
– Qapımızın önündə ciddi problemlə rastlaşmadıq. Rəqibin təhlükəli vəziyyətlər yaratmasına imkan vermədik. Oyun ərzində çalışırdıq ki, qol vuraq. Nəhayət, 90+5-ci dəqiqədə məqsədimizə çatdıq. Məncə, hər şey istənilən səviyyədə idi. Səbr yaxşı şeydi. Biz səbrli olduq, Allah üç xalı bizə qazandırdı.

– Komandanın psixoloji enişdən çıxdığını düşünmək mümkündümü?
– Eyforiyaya qapılmamalıyıq. Hələ nəsə demək çətindi. Hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Alınsa, lap yaxşı, alınmasa, yolumuza davam edəcəyik. Başımızı aşağı salıb işimizlə məşğul olmalıyıq. Buna ciddi yanaşsaq, “Sumqayıt” istədiyi pillədə qərarlaşacaq.

– Səhv anlamırıqsa, komandanı öz sisteminizə uyğun yox, rəqiblərə əsasən hazırlayırsız…
– Məncə, müəyyən sistem var. Amma istənilən rəqiblə mübarizədən qalib ayrılmaq istəyirik. Bu gün nəticə üçün yox, sırf baxımlı futbol göstərmək üçün meydana çıxsaq, iki turdan sonra deyəcəklər ki, Vaqif Cavadov istefa verməlidi. Hər şeyi düzgün danışmalıyıq. Futbol nəyi tələb edirsə, onu etməliyik. Uşaqlar bunu dərk edir. 6 xallıq oyundan qalib ayrıldıq. Oyunçularım oyununu yaxşılaşdırır, yığmanın baş məşqçisinə siqnal göndərir. Mənim isə öz yolum var. Çalışıram ki, fəlsəfəmi komandama izah edim.

Bənzər xəbərlər