"Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
“Zirə” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qəbələ”ni məğlub edib – 1:0.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov çətbuat konfransında oyunu dəyərləndirib:
“Bizim üçün ağır oyun oldu. Rəqib çox baxımlı futbol oynayır. Düşünürəm ki, “Qəbələ” avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun göstərməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm”.
– Qol epizoduna qədər “Zirə” özünə bənzəmirdi…
– Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrikenin zədəsi bizim üçün ciddi problem yaradır. Belə ki, İssa Cibrilanı rotasiya edə bilmirik. İssa da bilirik ki, üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qoldan dərhal əvəz etdik.







