featured-image-62037

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Kəpəz” (2:0)  matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Mport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– İlk növbədə hər iki tərəfin oyunçularına təşəkkür edirəm. Bugünkü matçda nəticənin necə olmasının fərqi yox idi. Yenə bu fikirdə olacaqdım. Dünən gəldilər, amma oyunun başlamasına dəqiqələr qalmış təxirə salındı. Bu gün yenə gəldilər, amma oyun əvvəlcə 2, sonra 1 saat təxirə salındı. Belə durumda motivasiya ilə futbol oynamaq çox çətindir. Ancaq hər iki komandanın futbolçuları bu gün əzmkar mübarizə aparırdı. Bugünkü qələbəni təkcə futbolçular yox, “Zirə” ailəsiylə birgə qazandıq. Səhər saatlarında istər azarkeşlərimiz, istər işçilərimiz, istərsə də idarə heyətimiz stadionun təmizlənməsiylə bağlı çalışırdı. Şükürlər olsun ki, bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma təşəkkür edirəm. Son 5 oyunda yalnız 1 məğlubiyyəti olan iddialı komandaya qarşı mübarizə apardılar. Düşünürəm ki, baxımlı futbol oynayıb, vacib qələbə qazandıq. Qarşıda “Araz-Naxçıvan”la kubok, daha 3 gün sonra isə “Turan Tovuz”la səfər oyunumuz var. Qələbəni qeyd etməyə çox vaxtımız yoxdur. Növbəti oyuna hazırlaşmalıyıq.

– Kubok matçına qədər ot örtüyü bərpa olunacaq?
– Özünüz də gördünüz ki, o cür qardan sonra bu gün meydançanın vəziyyəti yaxşıdır. Bu, stadionun işçilərinin əməyidir. Belə yüklənməyə baxmayaraq, yenə də oynamağa yaxşı şərait var idi. Amma bilirik ki, dünən- bu gün meydançamız çox zədələndi. Görək 3 gün sonra necə olacaq.

– Paxtmanın ayrılmağıyla bağlı nə deyə bilərsiniz?
– Biz ona yetərincə şans verdik. Yanında olduq. Sonda belə qərar verdik ki, yolları ayıraq. Paxtman sağlam olsaydı, yenə bizimlə olacaqdı.

Bənzər xəbərlər