featured-image-55567

“İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı oynadı. Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandı. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək”.

Msport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– İlk hissədəki tempi saxlamağa nə çatmadı?

– Mənim üçün də maraqlıdır ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik. Pressinqi azaltdıq, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Bu da süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cür bu stadiona adaptasiya ola bilmirdi. Texniki cəhətdən itkilər oldu. Bu da rəqibə üstünlük yaradır. 60-65-ci dəqiqədən sonra üstünlüyü rəqibə verdik.

– Qoldan sonra emosional davrandınız. Şəhriyar Əliyevlə aranızda nə olmuşdu?

– Mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Qurban Berdiyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısınız, təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının qırmızı almasına nə ehtiyac var? Belə, başqa heç nə.

– Milli fasilə ilə bağlı planlarınız necədir?

– Həmişə olduğu kimidir. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də “Sabah”la oyunumuz var. Ona hazırlaşacağıq. Üst-üstə bizi səfər oyunları gözləyir, hamısı da iddialı rəqiblərdir.

– Buraxılan qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi?

– Epizodu görməmişdim. Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər “Sabah” komandası bloklardan çox istifadə edirdi. İndi isə “Turan Tovuz” daha çox istifadə edir. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm onlardan, desinlər, blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə deyilib ki, blok qoymağa icazə yoxdur. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodu görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla, təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş edilərdi. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdursa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidir, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdır, sən orada başqa cür görürsən.

Bənzər xəbərlər