Rəşad Sadıqov: “Bu cür rəqiblə oyunda 1 xal da pis deyil”
“Zirə” Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil.
– Fuad Bayramov oyun ərzində sizi narazı salırdı. Narazı qaldığınız hansı məqamlar idi?
– Mübarizə aparırdı. Topla oyunda itkiləri var idi. Uzun müddətdir oynamır. Ola bilsin, oyun ritmindən düşüb. Amma istəkli idi. Sadəcə, topla daha yaxşı ola bilərdi.
– Penalti epizodunu necə şərh edəcəksiniz?
– Ola bilər, qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm.
– Üç turdur qələbə qazana bilmirsiniz. Avrokuboklardan qalan yorğunluq səbəb ola bilər?
– Bu oyunları necə keçirmişik? “Turan Tovuz”un qapısı qarşısında 6 epizodumuz var idi. Bu gün qələbəyə daha yaxın tərəf biz idik. Sonda absurd qol buraxdıq. Sadəcə, bu turlarda bizimlə müqayisədə rəqiblər daha uğurludur. Rəqiblərimiz cərimə meydançasından dabanla qol vurur. 90-cı dəqiqədə qol buraxırıq. Bu tip hadisələri keçən il də yaşamışıq. Təcrübəmiz var. Səbirli olmalıyıq. “Turan Tovuz”dan yaxşı oynadıq, “Sabah”la da başabaş mübarizə apardıq. Oyun baxımından problemimz yoxdur. Oyunumuzu inkişaf etdirməliyik.