“Riskə gedirik, lakin daha az səhv edirik” – Samir Abasov
Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Sumqayıt” (1:0) oyunundan sonra meydqn sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Oyuna 5-li müdafiə ilə başladınız, lakin sonra 4-ə keçdiniz. Bundan sonra həmişə belə olacaq?
– Xeyr, çünki bunun acısını “Araz-Naxçıvan”la oyunda çəkdik. Sadəcə, əlimizdəki heyətə uyğun davrandıq. Bunun nəticəsi də artıq meydançada görünür. Riskə getməli oluruq, lakin daha az səhvlərə yol veririk.
– Sizdən qabaq Vaqif Cavadov qeyd etdi ki, penalti haqsız idi. Bəs, siz necə düşünürsünüz?
– Mən epizoda baxmamışam. Penalti haqda nə isə deyə bilmərəm. Oyuna gəldikdə, bu barədə danışmaq çətindir. Bizim yaxşıya getdiyimiz durumda əlverişli deyildi şərait. Qərar verməkdə futbolçularım da gecikirdi. Əsas odur ki, komandamdan razıyam. Şəraitə baxmadan can qoydular. Ozobiç daha düzgün qərar versəydi, bəlkə də daha tez məğlub edərdik.
– Komanda arasında olursunuz. Hiss edirsiniz ki, son qələbələr psixoloji duruma təsir edir?
– Ümumiyyətlə, burada baş məşqçinin əməyi var və ya yoxdusa, kənara qoyaq. Qələbələr özü komandaya motivasiya verir. Bizim istədiyimiz daha irəli getməkdir. Hazırda əhval-ruhiyyə həddən artıq yaxşıdır. Bu mənlə bağlı deyil.
– Yeni transferləriniz Sambo və Aleks haqda nə düşünürsünüz?
– İlk oyunlarda futbolçu haqda qərar vermək mənim üçün çətindir. Üstəgəl bu havada. Hər bir futbolçumuza inanırıq. Hərəsi bir oyun xeyir versə, bu da bizim qabağa getməyimizə kömək olacaq.
– Yuri Matiası etdiyi səhvlərə görə oynatmamaq barədə heç düşünmüsünüz?
– Əsla olmayıb. Səhvlərin üzərində duran biri olmadığıma görə belə şeylər olmayıb. Amma qorxumuz da olub. Adicə sonlara doğru Alfa Kontenin epizodunda belə qorxdum.
– Ramil Şeydayev xeyli vaxtdır ki, əsas heyətdə oynamır. Bu gün isə ümumiyyətlə meydanda olmadı. Problemi nədir?
– Rəqabətdə heç bir problem yoxdur. Sadəcə, əlimizdəki heyətlə daha yaxşısını etmək istəyirik. Çalışırıq ki, hər bir futbolçunu növbəti oyuna yaxşı hazırlayaq.