"Sabah"ın start heyətini görəndə məndə bir az məyusluq oldu" - Rəşad Sadıqov
“Zirə” Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında “Sumqayıt”ı son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. Lakin bu qələbə meydan sahiblərini o qədər də sevindirməyib. Çünki paralel keçən oyunda “Neftçi” “Sabah”ı məğlub edib. Nəticədə “Zirə” avrokuboklardan kənarda qalıb.
Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyunu dəyərləndirib:
“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Buna baxmayaraq, futbolçular ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı möhtəşəm idi”.
“Sabah” – “Neftçi” matçında ev sahibi komandanın start heyətini görəndə, ilk təəssüratınız necə oldu?
– Maraqlı sual verdiniz. Gizlətməyəcəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, “Sabah”ın start heyətini görəndə məndə bir az məyusluq oldu (gülür). Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. “Neftçi”ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idi, biz də. Onlara avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.
– Oyunun son 10 dəqiqəsində mərkəzi nöqtə sizlə azarkeşlər arasındakı müzakirə idi. Orada nə baş vermişdi?
– Orada mübahisə etmirdik, müzakirə edirdik. Bilirsiz,”Zirə”nin çoxsaylı azarkeşləri yoxdur. Azarkeşlərlə bir-birimizi üzdən də tanıyırıq. Artıq altı ildir buradayam. Erenlə bağlı sual oldu, mən də sual verirdim ki, onu başa düşmədim. Sonra fikirləşdim ki, bəlkə finaldakı Ereni erkən dəyişməklə bağlı idi. İssa da , Eren də zədəli idi, mətbuat konfranslarında da bunu demişdim. Yoxsa, əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi? Onun müzakirəsi gedirdi. Azarkeşdilər, istəklidirlər, nəticə istəyirlər. Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da “Zirə” üçün böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu onu hiss edirdik. Çempionat ərzində zədələr, gedənlər… bu mövsüm 6-7-ci yerdə olsaydıq, buna təəccüblənməyəcəmdim. Çünki il başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı.
– Cavid Cəlilov sizin oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə “Zirə”nin oyununa təyinat aldı. Hiss olunurdu ki, 50/50-ə olan epizodlarda rəqibin lehinə qərarlar verirdi. Təzyiq hiss edirdiz?
– Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, “Zirə”nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, I Liqaya, Əvəzedicilər Liqasına göndərilən hakimlər “Zİrə”nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv “ofsayda” müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov “ofsayda” necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır.







