“Sabah” Puxaçın transferini tamamladı – yarım milyona
“Barəmdə gəzən söz-söhbətlərə son qoymaq üçün deyə bilərəm ki, “Sabah” məni transfer edəcək. Fərdi müqavilə ilə bağlı artıq razılığa gəlmişik. Buna görə də keçid baş tutacaq”.
Msport.az xəbər verir ki, bunu “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç “Weszlo.com” saytına açıqlamasında deyib.
Polşalı futbolçu müqavilə ilə məxsus olduğu Almaniyanın “Holştayn Kil” klubuna qayıtmayacağını və karyerasını hazırda icarə əsasında formasını geyindiyi “Sabah”da davam etdirəcəyini vurğulayıb.
27 yaşlı cinah oyunçusu “Sabah”ın təklifinin həm idman, həm də maliyyə baxımdan çox cəlbedici olduğunu deyib: “Azərbaycanda mənə yaxşı müqavilə təklif etdilər. Üçillik və yaxşı maaşla”.
Transferin detalları da artıq müəyyənləşib. Belə ki, keçidin Azərbaycan çempionuna 500 min avroya başa gələcəyi bildirilib. Halbuki “Holştayn Kil” “Sabah”dan 1 milyon avro tələb edirdi. Görünür, bakılılar qarşı tərəflə danışıqlar zamanı istədikləri endirimə nail olublar. Puxaç özü isə “Sabah”la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Timoteuş Puxaç cari mövsüm 32 oyunda iştirak edib, 2 qol vurub, 12 məhsuldar ötürmə verib.







