featured-image-19493

Elxan Səmədov artıq 6 aydır ki, PFL-in prezidenti postunda çalışır. İlin son günlərində o, media nümayəndələrini ayrı-ayrılıqda qəbul edib suallarını cavablandırdı. Msport.az da  fürsətdən istifadə edib PFL-in rəhbəri ilə görüşüb, danışmaq imkanı qazandı.

“İLLİK 50 DOLLAR ALIRDIM”

 – Müsahibəyə gələrkən sizin haqqınızda internetdə yenidən məlumatlara diqqət yetirdim. Tərcümeyi-halınız çıxdı qarşıma. Dillər Universitetində təhsil almısınız, Aspirantura, daha sonra Filologiya elmləri namizədi. Amma sonadək elmin dalınca getməmisiz.

  • Universitetdə oxuyarkən həm də neft şirkətində tərcüməçi kimi işləyirdim. Deyəsən, 3-cü kursda artıq Neft Daşlarında tərcüməçi idim. Yavaş-yavaş, pillə-pillə qalxdım təhcizat şöbəsinə. Bu daha maraqlı, həm də o zaman daha gəlirli idi. Xarici Dillər Universitetində müəllimlik də eləmişəm. Səmimi deim ki, maaşlar onda çox aşağı idi, həddindən artıq. İllik demək olar ki, 50 dollar pul alırdım.
  • İllik, yoxsa aylıq?
  • İllik. Halbuki xarici şirkətdə aylıq maaş 300-400 dollar idi. Amma təhsilə 3 il davam etdim, bir il işlədim. Ondan sonra gördüm ki, vaxt çox aparır. Belə çətin idi o vaxt.
  • 1999-cu ildə Təhsil Nazirliyinə Təhcizat Şöbəsinin rəhbəri vəzifəsinə gəlmisiniz. Misir Mərdanov sizi təyin etmişdi bu vəzifəyə?
  • Əslində onda Dünya Bankı mənim namizədliyimi irəli sürmüşdü. Bu, Dünya Bankının pilot layihəsi idi. Dünya bankı 5 milyonluq kredit ayırmışdı. Ona nəzarət etmək üçün İngilis dilini, təhcizatı bilən adam lazım idi. O vaxtı Misir müəllim və Dünya Bankı bu vəzifəyə məni seçdilər.
  • 2009-cu ildə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru təyin olunmusunuz. Maraqlıır ki, bu posta “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərindən gəlmişdiz…Bu neft şirkətlərindən AFFA-ya gəlişiniz şəxsi münasibətlər hesabına oldu?
  • Mən dörd yaşımdan futbol oynamağa başlamışam. O vaxtdan da futboldan ayrılmamışam. Neft Şirkətində işləyəndə də öz komandamız var id.  Sonrakı işlərdə də futzal üzrə komandamız olub. Yəni həmişə futbol oynayırdım. AFFA-dan təklif gəldi ki, belə bir iş var. Uşaq futbolunu inkişaf elətdirmək istəyirsənsə, gəlib işləyə bilərsən.
  • Konkret deyə bilərsiz, təklif kimdən gəlmişdi? Elxan Məmmədovdan?
  • Bəli, Elxan Məmməov tərəfindən gəldi təklif. Mən də razılaşdım. Orda fəaliyyət göstərdim bir ara, sonra isə şəxsi işlərim o qədər çox idi ki, ayrılmaq məcburiyyətində qaldım. Çatdırmadım və ona görə də getdim.

“İNSANLAR BİLMƏYƏ-BİLMƏYƏ DANIŞIRLAR”

  • Elxan Məmmədovun adını çəkdiniz. Maraqlıdır, son vaxtlar sizin haqqınızda ən çox səslənən fikirlərdən biri odur ki, “Məmmədovla vaxtilə yaxın dost olsanız da, indi aranız dəyib”. Yəqin siz də eşitmisiniz?
  • Eşitmişəm (gülür). Əslində çox gülməlidir. İnsanlar bilməyə-bilməyə danışırlar (gülür). Biz həm qonşu olmuşuq, həm dostluq eləmişik. Bir məktəbdə oxumuşuq.
  • 134 saylı orta məktəb.
  • Bəli, 134. Belə demək olar ki, futbol sahəsində hazırda kimlər işləyir, hamısı mənim dostlarımdır. Eyni zamanda klubların prezidentləri də, işçiləri də, icraçı direktorları da. Yəni hamımız bir-birimizi çoxdan tanıyırıq.
  • Yadımdadır ki, siz PFL prezidenti olmamışdan əvvəl “Qəbələ” klubuna rəhbər vəzifəyə getmək ehtimalınız var idi. Deyəsən, Elmar Baxşıyevin qardaşı da dostunuzdur və o, bu işdə vasitəçilik edirdi.
  • Bəli, Süleyman Baxşıyevlə yaxın dostuq. Onunla da inistitutda tanış olmuşduq. İndiyə qədər də dostluq edirik. Hazırda Kanadada yaşayır. Aradabir görüşürük onunla. Düzü, “Qəbələ” məsələsini çox eşitmişdim. Amma həmin vaxt konkret təklif gəlmədi.
  • Sizi çağırıb deyən olmadı ki, “gedin, “Qəbələ”də işləyin”?
  • Təklif gəlsəydi, yəqin ki, razı olardım.
  • Gəlin iyulun 29-nu xatırlayaq. Həmin gün PFL-in konfransında prezident seçilidiniz. Yəqin ki, iclasa qədər artıq sizə bu vəzifə təklif olunmuşdu və razılıq vermişdiz. Necə oldu proses, təklif kim tərəfindən gəlmişdi?
  • AFFA rəhbərliyindən təklif gəldi və namizədliyim qeydə alındı. Mən bilən bütün klublar yekdilliklə bunu dəstəklədilər. Mən də razılıq verdim.
  • Ramin Musayevin PFL-in prezidenti olduğu son dönəmdə belə mənzərə yaranmışdı ki, sanki təşkilatın büdcəsi aşağıdır. Siz gəldiniz, vəziyyət dəyişdi. Nə baş verdi?
  • Əslində bu iş çoxdan görülürdü. Ramin müəllim sağ olsun, böyük iş görüb. Təşəkkür edirəm ki, belə kadrlar yetişdirib. Doğrudan da peşəkar kadrlardır. Ona görə də mənim üçün asandır işləmək. Büdcəyə gəlincə, elə oldu ki, “Misli” çempionatın sponsoru oldu. Deyə bilmərəm ki, hazırda kifayət qədər maliyyə var. Amma çalışırıq ki, yeni sponsorlar cəlb edək. Onu eləmək üçün yaxşı məhsul olmalıdır. Məhsul da bizim çempionatdır. Nə qədər çempionatımız maraqlı olsa, o qədər çox sponsor tapa bilərik. “Sarar”, eləcə də “Buta Global Enerji-Tekstil” şirkətləri ilə müqavilə imzalamışıq. “Badamlı” ilə sponsorluq anlaşmamız oldu. Hazırda İnStat”la danışıqlar aparırıq. Pilot layihəmiz var. Onlar internet üzərindən yayımı bizdən almaq istəyirlər. Danışıqlar gedir. Məncə, bütün bunlar pozitiv xəbərlərdir.
  • AFFA-nın baş katibi Sərxan Hacıyev futbolpress.az saytına müsahibəsində qeyd edib ki, “Misli”nin müqavilə şərtləri barədə PFL açıqlama verə bilər. “Misli” ilə müqaviləyə nələr daxildir? Bir də belə fikirlər var ki, klublara verilən 3 milyon manatı “Misli” yox, yenə də SOCAR  verir.
  • Bunlar eyni layihə deyil. “Misli” çempionatın sponsoru olması ilə bağlı PFL ilə müqavilə bağlayıb. Çox adam düz başa düşməyib. Elə bilirlər ki, “Misli”dən gələn pul klublara veriləcək. “Misli”dən gələn vəsait maaşlara gedir, PFL-in xərclərinə sərf olunur. SOCAR-ın ayırdığı vəsait isə AFFA vasitəsi ilə klublara ödənilir. Bu bizə aid məsələ deyil.
  • Açıqlamasaz da Azərbaycan Premyer Liqası üçün “Misli”nin verdiyi pulu normal saymaq olar?
  • Ehhh (dərindən ah çəkir). Normal necə? Pul heç vaxt çox olmur (gülür). O məbləğ bizə yeni proektlərə başlamaq üçün kifayət edir. Amma nə qədər çox olsa, o qədər yaxşıdır. Planlarımız böyükdür. Layihələrimiz var, üzərində iş gedir, lakin reallaşdırmaq üçün maliyyə lazımdır.
  • Azərbaycan Kubokunun titul sponsoru yoxur. Bu nə ilə bağlıdır? Nə əcəb “Misli” kuboka yaxın durmadı?
  • Açığını desəm, maraq göstərmədilər bu yarışa. Məncə, kubok oyunları da çempionatdan geri qalmır. Maraqlı gedir. Ola bilər ki, son mərhələyə bir sponsor tapaq.

“İNANMIRAM Kİ, KİMSƏ AFFA-DAN BİZƏ PAXILLIQ ELƏSİN”

  • Siz PFL-ə rəhbər gəldikdən sonra yeni ştatlar yaradıldı, maaşlarda artım oldu. Kənardan belə təəssürat yaranır ki, AFFA içərisində AFFA-2 yaranır. Bu binanın daxilində PFL-ə münasibət necədir? Paxıllığınızı çəkmirlər?
  • İnanmıram ki, kimsə paxıllıq etsin. Biz bu işləri birlikdə həyata keçiririk. AFFA -PFL- İdman nazirliyi – hamımızın məqsədi odur ki, futbolun səviyyəsi qalxsın. AFFA ilə bizim çox yaxşı münasibətlərimiz var. Heç bir problem yaşamırıq (gülür). İnanmıram ki, kimsə ordan bizə paxıllıq eləsin.
  • Ramin Musayevlə münasibətləriniz necədir? Heç danışırsız arada bir?
  • Düzünü desəm, çoxdandır görməmişəm. İstərdim amma görüşüb söhbət edək. AFFA-nın 30 illiyi ilə bağlı tədbirə o da dəvət olunub. Böyük məmuniyyətlə görüşüb söhbət edərəm.
  • Artıq beş ay oldu ki, PFL-in prezidentisiz. Hansı işlərdən razı qaldız, nələr hələ də sizi narahat edir?
  • Uğurlu layihə kimi regiona jurnalistlərin səfərini qeyd edə bilərik. Media nümayəndələri bölgələrə gedib oyunları işıqlandırmaq imkanı əldə etdilər. Proektlərimiz çoxdur,müzakirə edirik. Yenə qayıdıram o məsələyə ki, bunun üçün maliyyə lazımdır.
  • PFL prezidenti kimi bütün bölgələrə səfər etdiniz, klublarla görüşdüz. Sizi nə təəccübləndirdi?
  • Təəccübləndirdi deməzdim, amma regionlarda infrastruktur bizi qane edə bilməz. Fəxr edə bilmərik ki, stadionlarımız, arenalarımız var. Xüsusən də bölgələrdə. İndiyə kimi “Kəpəz”, “Turan Tovuz”, “Şamaxı” kimi klubların stadionlarında projektor yoxdur. Biz məcbur oluruq ki, oyunları saat 2-3-ə salaq. Yay vaxtı da 40 dərəcə istidə belə vəziyyətdə necə futbol oynamaq olar? Futbolçular əziyyət çəkirlər. Bu hamımız üçün böyük problemdir.
  • “Turan Tovuz”la “Kəpəz” arasında son kubok oyununda penalti verilsəydi, oyun əlavə vaxta və penaltilər seriyasına gedə bilərdi.  Tovuzda da yəqin ki, hava qaralacaqdı.
  • Ola bilər. Amma bu hakimlərin qərarıdır. Buna müdaxilə edə bilmərəm.

“ELƏ ÖLKƏLƏR VAR Kİ, DÖRD KAMERA İLƏ VAR-A KEÇİBLƏR”

  • Siz AFFA-da VAR-ın texniki tərəflərindən cavabdeh şəxs idiniz. Hazırda VAR-ın texniki tərəfləri sizi qane edirmi?
  • Beş ay keçib və VAR-la bağlı cəmi iki, ya üç dəfə problem olub. Onların da 90 faizi internetə görə olub, avadanlığa görə yox. Sırf internet olmadığına görə. Yayım baxımından problemli stadionlar var. “Qarabağ”ın Suraxanıdakı stadionu, Zirədə… Oyunu keyfiyyətli çəkmək üçün çətinliklər mövcuddur. Orada kameraların yeri elədir ki, çəkiliş aparmaq çox çətindir. Bir sözlə, problemlər var. Kameraların sayı minimum 4 olmalıdır, bizdə hazırda altıdır. İstərdik ki, kameraların sayını 8-ə çatdıraq ki, hər tərəfdən görüntü olsun.
  • Dörd kamera ilə VAR-da nə görmək olar?
  • Elə ölkələr var, dörd kamera ilə VAR-a keçiblər. Elə çempionatlar da var ki, hər oyunda VAR-dan istifadə olunmur. Seçim edirlər. Şükür Allaha ki, bizdə elə problem yoxdur.
  • AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkin fəaliyyətini necə qiymətləndirirsiniz? Ştuxlikin vaxtındakı kimi narazılıqlar çox olmasa da, bəzən indi də iradlar eşidilir.
  • Onun fəaliyyəti ilə bağlı fikir bildirmək mənə çətindir. Hakim deyiləm, düzü, bilmirəm. Məncə, böyük, səs-küylü səhvlər olmadı. İşləyib çalışırlar. Əsas odur ki, şəffaf işləyirlər. Səhv də olsa, qərəzli deyillər. Hakimlər də insandırlarlar, onlar da səhv edə bilərlər.
  • Azərbaycan futbolunun coğrafiyası bu il genişlənsə də, yenə də azarkeş baxımından irəliləyişə nail olunmadı. Stadionları doldurmaq üçün nə etməyi düşünürsünüz?
  • Komandalar yaxşı, baxımlı oyun göstərəndə azarkeşlər gələcəklər. “Sabah” – “Qarabağ” matçını misal çəkə bilərik ki, 11 min azarkeş izlədi. Gözəl oyuna baxmaq üçün gəlmişdilır. Məncə, bu komandalar arasında görüşlər çox maraqlı oldu. Oyun səviyyyəsi qalxarsa, tamaşaçılar da gələcəklər. Bölgələrdən Tovuzda, Gəncədə, həm də Şamaxıda oyunlara maraq böyük olur və komandalarına dəstək verirlər. Komandalar da gərək elə oynasınlar ki..(gülür).
  • İş orasındadır ki, bir çox arenalarda azarkeşlərin rahat, sakit şəkildə oturub oyundan zövq alması üçün şərait də yoxdur. Gəncəni özünüz bilirsiniz, Sumqayıt, Zirə, stadionlarında tutaq ki, fasilədə gedib burger almaq üçün bir km məsafə qət etməlisən.   
  • Məncə, bu klubların işidir. Stadionda kiçik bir məntəqə açmaq olar ki, su, hotdoq, qamburger satsınlar. O da cəlb edir. Uşaqla gedən adam rahat şəkildə fasilədə gedib istədiyini alar. Biz klublara bununla bağlı yalnız tövsiyə edə bilərik. Başqa cür müdaxilə etmək səlahiyyətimizə daxil deyil. Lakin yaxşı olardı ki, stadionun görünüşü gözəl olsun, gələnlər dincələ bilsinlər. Məsələn, Gəncə stadionu yaxşı vəziyyətdə deyil.
  • Gəncə stadionuna bu il 3 min azarkeşin buraxılmasına icazə verildi. Qışdan sonra və ya gələn mövsüm necə olacaq?
  • Əslində bu bizim qərarımız deyil. Fövqəladə Hallar Nazirliyinin komissiyası rəy verib. Stadionda birinci mərtəbə yerdədir deyə təhlükə yoxdur. Amma ikinci mərtəbə çürümüş dirəklərin üzərindədir və ora təhlükəlidir.
  • Məşqçilərin ən çox şikayət elədikləri məsələrdən biri süni örtükdür. Daha çox da Tovuz stadionu ilə bağlı eşidirik bu narazılıqları. Bununla bağlı nəsə etmək olar?
  • Təbii ki, PFL olaraq istərdik ki, bütün oyunlar təbii ot üzərində keçirilsin. Amma reallıq var. Biz klubdan necə tələb edə bilərik ki, süni örtüyü dəyişin, təbii edin. Bilirik ki, bunun üçün böyük vəsait lazımdır. Tələb kimi bunu qoya bilmərik. Yaxşı olardı ki, 2-3 ilə Premyer Liqa matçları təbii otda oynanılsın.
  • Premyer Liqada çıxış edən komandaların 2-ci heyətlərini çıxsaq, I divizionda cəmi 6 klub var. Bildiyim qədər, gələn mövsüm dəyişiklik olacaq və əvəzedicilərin çempionatı ayrılacaq.
  • Əsas məqsədimiz odur ki, əvəzedici komandaları ayıraq. Onların əvvəlki kimi ayrıca çempionatları olsun. I divizionda isə çalışacağıq ki, ən azı 10 komanda mübarizə aparsın. Komandalar Region Liqasından cəlb oluna bilərlər. Kifayət qədər komanda var ki, 3 ildən çoxdur Region Liqasında çıxış edirlər. Yenə qayıdırıq büdcə məsələsinə. Normal büdcə olsa, niyə də yox? Dörd klubu cəlb etmək elə də problem olmaz.
  • AFFA nümayəndələri ilə bağlı sual vermək istərdim. Bir çoxları veteran futbolçular olsalar da, sanki müasir tələblərlə ayaqlaşmaq istəmirlər. Bir misal çəkim, AFFA nümayəndəsi oyundan 2-3 saat əvvəl gəlib stadionda maşınını yuyurdu. Arenanı “moyka” əvəzi istifadə edirdi.
  • Ola bilər. Biz bu günlərdə AFFA nümayədləri üçün imtahan keçirdik. Yeni namizədlər dəvət elədik. Nəticəsini yanvarın 15-dən sonra görəcəyik. Artıq AFFA nümayəndəsi kimi yeni şəxslər görə biləcəksiniz.
  • AFFA-nın baş katibi Sərxan Hacıyev qeyd edib ki, yenidən danışılmış oyunlarla bağlı siqnallar almışıq. Söbət nədən gedir?
  • Əminliklə deyə bilərəm ki, Premyer Liqada elə bir hal olmayıb. Bəli, I divizionla bağlı siqnallar gəlib. Amma hazırda onu müzakirə edə bilmərik. Araşdırma aparılır. Yəqin ki, yaxın vaxtlarda nəticələr elan olunacaq.
  • Sizinlə bağlı məlumatları axtararkən AFFA-nın baş katibi olacağınıza dair xəbərlər də çıxdı qarşıma. Ürəyinizdən belə şeylər keçir?
  • Yox elə bir söhbət yoxdur.
  • Bəs PFL prezidenti postunda özünüzü necə hiss edirsiniz?
  • Normal (gülür). Gərginlik var təbii ki. Amma yaxşı komandamız var. Çox rahatam.
  • “Musik Gallery” mağazalar şəbəkəsinin də sizə məxsus olduğu deyilir.
  • “Musik Gallery” ilə heç bir bağlantım olmayıb.

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər