Samir Abasov "Neftçi"dən danışmaq istəmədi
Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Msport.az xəbər verir ki o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Rəqibi təbrik edirəm. Bir xalla oyundan ayrılsaydıq, daha yaxşı olardı. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardıq. Futbolçular meydanda canlarını qoydular. Belə matçlarda bəxt də lazımdır ki, qol buraxmayasan. Oyuna nəzarət “Qarabağ”da olsa da, biz də epizodlar yaratdıq. Qarşıdakı oyunlara hazırlaşacaq.
– Komandada qol vurmaq problemi var. Epizodlar yaratsanız da, fərqlənmək olmur…
– Belə problemlər yaşayırıq. Açığı, hücumçulardan istədiklərimizi ala bilmirik. Düşünürük ki, problemlər onlardadır. İşimiz nədir? Problemləri görürük. Bu yöndə işlər görürük. Amma hansısa oyunçunun yerinə gedib topa vurası deyilik. Görünən odur ki, hücumçularımızda problemlər var. Hücumlarımızı daha da artırmalıyıq. Bir neçə şans yaratmalıyıq. O qədər imkan yaratmalıyıq ki, qol vurub, oyundan çıxa bilək. Bu yöndə işləyəcəyik. Fikrimizi başqa hücumçulara yönəldəcəyik. Kimisə kəsib atacayıq demirəm, amma hücumda fərqli oyunçuları yoxlamalıyıq. Fikirlərimiz budur.
– Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?
– Xeyr, tam hazır deyillər. Hər oyun dəyişikliyə əl atırıq. Ötən il də bu problemi yaşayırdıq. Futbolçuları yaxşı vəziyyətə gətirməliyik. Komandanın pis oynadığını düşünmürəm. Yaxşı oynamağa başlamışıq. Bəzi oyunçularla yaşanan problemlər də var: uyğunlaşma, qol vurma gözləntisi və s. Bunları aradan qaldırmalıyıq.
– Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?
– Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Düşünürəm ki, fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni transferimiz gürcü futbolçunun yaxşı keyfiyyətləri var, ona çox inanıram. Bu gün bizə fayda verəcək oyunçularla oynamağımız daha məqsədəuyğundur.
– “Neftçi”dən təklif gəlsə, gedərsiniz?
– Bu haqda danışmaq istəmirəm. (futbolpress.az)