Samir Abasov: “Yeni mövsüm başqa komanda olmağa məcburuq”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunun “Səbail”lə oyunundan sonra (3:0) keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, əvvəlki görüşlərdə belə çıxış edə bilməməyin səbəbləri barədə danışıb:
“Həmin vaxt yeni gəlmişdik, futbolçularda əhval-ruhiyyə fərqli idi. İndi də çox rahatlıq var idi. Bunun fonunda da çox şey alındı. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son matçlara baxsaq, “Turan Tovuz”la oyunu xatırlayıram. Nə çatmadı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsüm başqa komanda olmağa məcburuq. Çatışmazlıq məsələsi… Gərək bütün oyunları xatırlayaq. Məncə, artıq gecdir”.
Baş məşqçi ölkə kubokunda finala çıxa bilməmələrinə də münasibət bildirib: “Biz kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyəti var. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Vallah yox idi. Sadəcə şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da onu çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə yaxşı başladıq, epizodları vursaydıq, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik”.