“Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adamdır”
“Özünüz bilirsiniz ki, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu, o demək deyil ki, sondur. Rəqibə epizodlar verdik. Özümüz də böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Vəssalam, evə gedib, çempionat matçına hazırlaşacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
– “Neftçi” ardıcıl 2 oyundur qalib gəlir, həm də qol buraxmır. Komanda müdafiədə daha etibarlı görünür. Nə dəyişib?
– Bura gələndən seriya əldə edə, komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm, indi ideal durumdayıq. Sadəcə, çıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən idealı oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx, müdafiədə bir-birini sığortalayaraq oynamaqdır. Bunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. “Kəpəz”ə qarşı bu gün oynadığımız matçı da ora aid etmək mümkündür. Çıxış yolu tapmalıyıq.
– Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılacaq, legioner limiti isə ləğv ediləcək. Bu qərarlara münasibətiniz necədir?
– Bu haqda danışılmayanda mən danışmışdım. Hətta o vaxt jurnalistlər deyirdi ki, bəs, Samir Abasov belə fikirlər səsləndirdi. Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adamdır. İndi isə belə qərar çıxdı. Dünən Tovuza qatarla yol gəlmişik. Eyni adamlar elə yanımda yenə bu haqda danışırdılar. İnanın ki, bu söhbətlərə girmədim, bu haqda fikirləşmədim. O qədər işimiz var ki, aşıb-daşır. Kubok görüşləri, çempionat oyunları… Bu söhbətlər necə olacaq, yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəm də. Hansı qərar çıxacaq, ona uyğun hərəkət edəcəyik.