"Səbail"də baş məşqçi postuna iki namizəd
Mahmud Qurbanovla vidalaşan “Səbail”də baş məşqçi postuna əsas namizədlər müəyyənləşib.
Msport.az saytının əldə etdiyi məlumata görə, bunlar Şahin Diniyev və Sənan Qurbanovdur. Klub rəhbərliyinin məhz bu iki mütəxəssisdən birini komandanın sükanı arxasına gətirəcəyi gözlənilir.
Diniyevin son klubu “Kəpəz” olub. 56 yaşlı mütəxəssis 2017-ci ildə Gəncə təmsilçisindən ayrıldıqdan sonra klubsuzdur. Hazırda AFFA Məşqçilər Komitəsinin üzvüdür.
Qurbanov isə son olaraq, “Keşlə”yə (hazırkı, “Şamaxı”) başçılıq edib. 42 yaşlı mütəxəssis “Qəbələ” ilə Azərbaycan Kubokunun qalibi olub.







