Sərxan Hacıyev: “Kifayət qədər ambisiyalı strategiya hazırlanıb”
“Strategiyanın icrası ilə bağlı müəyyən addımlar atılıb”.
Msport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qəbul olunan AFFA İnkişaf Strategiyası ilə bağlı danışarkən deyib.
“CBC Sport” telekanalının qonağı olan qurum rəsmisi bildirib ki, strategiya təkcə AFFA-nın deyil, ümumi Azərbaycan futbolunundur: “Azərbaycan futbolu deyəndə AFFA ilə yanaşı, regional futbol federasiyaları, futbol klubları, digər futbol ictimai birlikləri də bura daxildir. Bir müddət sonra bu strategiyanın müsbət nəticələrini görəndə bunu bütün Azərbaycan futbolunun uğuru hesab edəcəyik. Təbii ki, bunu həyata keçirmək üçün dövlət qurumlarının da dəstəyinə ehtiyacımız olacaq. Doğrudur, bəzi qurumlarla əməkdaşlıq aparılır. Strategiya çərçivəsi altında bu əməkdaşlıq daha sıx olacaq”.
Sərxan Hacıyev strategiyanın önəmli məsələlərindən birinin Futbolun İnkişaf Mərkəzi olduğunu söyləyib: “Bu, önə çəkilən layihələrdən biridir. Sırf futbol akademiyası deyil, məqsəd odur ki, həm məşqçilər, həm hakimlər, həm komandalarda işləyən hər kəs, eyni zamanda futbol idarəçiləri inkişaf etsin. Bu cür futbol mərkəzinin 8 müxtəlif regionda daha kiçik formasını həyata keçirmək məqsədlərdən biridir. Bunun böyük töhfə verəcəyini düşünürəm”.
O, infrastrukturun İnkişaf Strategiyasının vacib layihələrindən biri olduğunu deyib: “Kifayət qədər ambisiyalı strategiya hazırlanıb. Ambisiyalı işlərdən qorxmaq yox, əksinə, bunun üzərinə getmək lazımdır. Ancaq bu işlərin öhdəsindən gələcəyimizə inanırıq və bunun üçün çalışacağıq. Uşaq futbol məktəblərində, kütləvi futbol nəzdində infrastruktur layihələri nəzərdə tutulub”.