Siyasət Əsgərov: “Çox yaxşı oyun alındı”
“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür”.
Msport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqibi təhlil edib, matça ciddi hazırlaşdıqlarını bildirib: “Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür”.
O, məğlubiyyətə baxmayaraq, komandasının çıxışından razı qaldığını söyləyib: “Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.
Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.