Toral Bayramov Türkiyə klubuna transfer olundu - RƏSMİ
“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçu “Bursaspor” klubunda çıxış edəcək.
Açıqlamada deyilir ki, “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.
“Qarabağ” Toralın transferi ilə bağlı “Bursaspor”un təklifini müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, “Bursaspor” bu il Türkiyə I Liqasına vəsiqə qazanıb. Vaxtilə bu klubda millimizin daha bir sabiq üzvü Namiq Ələskərov da çıxış edib.
2020-ci ildən “Qarabağ”ın əsas komandamızda çıxış edən müdafiəçi bu müddətdə 254 oyunda 37 qol vurub.







