Vaqif Cavadov: "Bu qələbəni atama həsr edirəm"
“Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” ilə görüşündən (2:0) sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Həmkarınız Samir Abasov bildirdi ki, həminki “Sumqayıt”dır və heç nə dəyişməyib. Siz geridə qalan zamanda heç nəyi dəyişməmisiniz?
– Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Bu haqda danışmağım doğru olmazdı.
– “Neftçi” ailənizə yaxın klubdur, əminiz və atanız bu klubda oynayıb. Hakimin final fitindən sonra hansı hissləri keçirdiniz?
– Bəli, ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, “Neftçi”lidir. Onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var.
– Samir Abasov amili bu oyuna nə dərəcədə təsir etdi? Bu komandanı qoyub getməsi üç gün ərzində hansısa rol oynayırdı?
– Rəqibimiz “Neftçi” idi. Onlara qarşı oynayırdıq. Qalib gəlmək istəyirdik. Sübut etdik ki, bu heyətlə də futbol oynamaq olar.
– Oyunçular arasında hansısa motivasiya var idi? Çünki rəqib keçmiş baş məşqçiləri idi…
– Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə, “Neftçi” həmişə “Neftçi”dir. Onlara uğurlar arzulayıram. Bu klubu yuxarı pillələrdə görmək istəyərdim.
– “Neftçi”yə görə hansısa taktiki dəyişiklik var idi?
– “Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə, bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi.
– Qış “transfer pəncərəsi” üçün beyninizdə hansısa adlar var?
– Bu barədə düşünmürük. Təbii ki, məşqçilər korpusu bu haqda materiallar toplayır. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda pauza olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız var. Bugünkü gündə heyətdə hansı futbolçular varsa, çalışacam ki, onlarla işimi davam etdirim.
– Klub prezidenti olsaydınız, 7 oyundan 4 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?
– Bu mənə aid olan sual deyil. Məşqçi olaraq “Sumqayıt”ın yetirməsiyəm. Rəhbərlik mənə inanıb və baş məşqçi postunu etibar edib. Sabah deyərlər ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik. Bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəm, ya da baş məşqçi kimi işimə davam edəcəm.