Vaqif Cavadov: “İnanıram ki, strategiyanın nəticələrini görəcəyik”
“Sumqayıt” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la qolsuz heç-heçə edib.
Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Yaxşı oyun gördük. İki tərəf də dinamik oynadı. Rəqibin də, bizim də şanslarımız var idi. Komandama yaxşı oyuna görə təşəkkür edirəm. Sıx qrafikdəyik, növbəti oyuna hazırlaşacağıq.
– İcraiyyə Komitəsinin iclasında çıxan qərarlarla bağlı fikirlərinizi bilmək istərdik. Həm legioner limiiti, həm də komanda sayının artırılması…
– İndi nəsə rəy vermək tezdir. Strategiyanı yazanlar yəqin, bizdən, məndən də savadlıdırlar. Neçə ildir, bu işlə məşğuldurlar. İnanıram ki, nəticələrini görəcəyik. Qərarlar bütün milli komandalara təsir edəcək. Düşünürəm ki, bəlkə, yerli oyunçulara zərbə olacaq. Baş məşqçi kimi mənim üçün yaxşıdır. Amma yerli oyunçuları, akademiyaları nəzərə almaq lazımdır. Qərar qəbul olunub və nəticəni gözləməliyik. Komanda sayının çoxluğu yaxşı haldır. Bu da yerli oyunçuların şans qazanmasına faydalıdır. Bu gün 17 yaşlı oyunçunu meydana buraxmaq yaxşıdır, yoxsa hazır oyunçunu? Hazırda hər komandada 12 legioner var, bundan sonra da 12-si gələcək. Hər klubun öz strategiyası var. “Sumqayıt” da həm akademiyaya güvənəcək, həm də legionerlərə.
– Komandanın qarşısına avrokubok hədəfi qoyulub?
– Mən komandanı götürəndə hansı pillədə olduğu və hədəfləri məlum idi. Hədəfimiz hər oyunda maksimum xallar qazanmaqdır. Olub-olmayacağını zaman göstərəcək.