"Yeni gələndə hamı məndən danışırdı" - Vaqif Cavadov
Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Çox çalışırıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı oyunun şahidi oldular. Deməyə çox söz yoxdur. İnanıram ki, “Kəpəz”lə matçda bunun bəhrəsini görəcəyik. Hər şey qaydasındadır, amma son nöqtəni qoya bilmirik.
– Dejavu yaşayırıq, neçə turdur, eyni sözləri eşidirik…
– Nə eşitmək istəyirsiniz? İmkanlarımız var, amma istifadə edə bilmirik. Futbolçuların psixoloji durumu çətindir. “Kəpəz”lə oyunda bunun yolunu tapacağıq. Güclü, istəkli olan qələbə qazanacaq. Bəlkə, bu matçdan sonra istədiyinizi eşidəcəksiniz. İnanıram ki, hər şey qaydasında olacaq.
– “Kəpəz”ə məğlub olsanız, istefa verəcəksiniz?
– Bəlkə də. 5 oyun sonra da istefa verə bilərdim, amma futbolçuların əzmkarlığı, sərgilədiyi oyun ümid verdi. Hər şeyi edirik, qol vurmaq olmur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
– Mütəxəssis kimi “Sumqayıt”ın qol vura bilməməsi haqda nə deyə bilərsiniz?
– Nöqsanlara gəlmək istəmirəm. Futbolçuları istədiyimiz kimi tuta bilmirik. Oyunlara, qol imkanlarına baxsaq, görərik ki, istifadə edə bilmirik. Hər şansı dəyərləndirməliyik. Birinci dövrədə belə deyildi və qələbə qazanırdıq. Ruhdan düşməməliyik. Əlimdən gələni edəcəyəm ki, komanda bu durumdan çıxsın. Əminəm ki, komanda 200 faiz elitada qalacaq.
– Özünüzə, ya komandaya əminsiniz?
– Komandaya, özümüzə. Futbolçulara güvənirəm. “Kəpəz”lə oyundan sonra hər şey qaydasına düşəcək.
– “Kəpəz”i məğlub etmək nəyi dəyişəcək? Necə əmin olaq ki, bir oyunla hər şey düzələcək?
– Gözləmək lazımdır. Həmin oyundan sonra sualı verərsiniz. Komandanı bu durumdan çıxarmağa çalışırıq. Bura gələndə vəziyyət bundan da pis idi.
– Sanki küskün görünürsünüz…
– Olacam da… Komanda, rəhbərlik olaraq çalışırıq ki, bu durumdan çıxaq. Gənc məşqçi kimi mənə də motivasiya lazımdır. Yeni gələndə qələbələr qazanırdıq və hamı Vaqifdən danışırdı. İndi uduzuruq, deyirlər, təcrübəsizdir. Bəlkə, mən də belə deyərdim. Məşqçi yaxşı, pis günlərdə yetişir. Rəhbərlik sağ olsun, dözür. Mən də inanıram ki, növbəti oyunlarda daha yaxşı olacağıq. Rəhbərliyin də qane olacağını düşünürəm.