featured-image-84148

“Zirə”nin müdafiəçisi Anje Mutsinzinin müsahibəsi.

 

– Azərbaycan Premyer Liqasının IX turunda “Sumqayıt”ı çətinliklə məğlub etdiniz. 3:2 hesablı qələbəni necə şərh edərdiniz?

– Qalib gəldiyimiz, 3 xal qazandığımız üçün çox şadıq. Amma oyun həqiqətən də çox çətin keçdi. Əslində, matça yaxşı başlamışdıq. Sonradan vəziyyət dəyişdi, rəqib hesabı bərabərləşdirdi. Bununla belə, çətin də olsa, qalib gələ bildik.

 

– İlk hissənin ortalarında hesab 2:0 idi. Sonradan nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?

– Dəqiq cavab verməkdə bir qədər çətinlik çəkirəm. Futbolda belə hallar olur. Bəlkə də bu, çoxlu qol şansını qaçırmağımızdan irəli gəlir. Əgər ilk hissədə üçüncü qolu vursaydıq, böyük ehtimalla, rəqib təslim olacaqdı. Epizodları qaçırmaqla rəqibə motivasiya verirsən. Digər tərəfdən də, “Sumqayıt” da çox yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Onları məğlub etmək heç də asan deyil.

 

– Bəs hesab bərabərləşdikdən sonra qələbəyə inamınız qalmışdı?

– İnanırdıq. Məhz bu səbəbdən də sona qədər mübarizə apardıq, əlimizdən gələni etdik. Yekunda da istəyimizə çatdıq. Üçüncü qolu vurmaqla qalib gəldik və buna görə çox xoşbəxtik.

 

– Buna qədər “Zirə” son 5 turda qələbə qazana bilməmişdi. Bu məqam psixoloji cəhətdən komandaya nə dərəcədə təsir edirdi?

– Təbii ki, son turlarda qeydə alınan nəticələr bizi qane edə bilməz. Hazırda heyətimizdə çoxlu zədəli futbolçu var. Bu da nəticələrə təsirini göstərir. “Sumqayıt”la matçda uğursuz seriyaya son qoyduq. İnanıram ki, bu qələbənin ardı gələcək və növbəti matçlarda da 3 xal qazanacağıq.

 

– Növbəti turda “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz…

– Asan oyun keçməyəcək. “Araz-Naxçıvan”ın oyununa baxmışam. Çox yaxşı çıxış edirlər. Bu səbəbdən də bizi gərgin oyun gözləyir. Rəqib uğursuz seriyaya son qoymaq istəyəcək. Odur ki, 3 xal qazanmaq heç də asan olmayacaq. Lakin əlimizdən gələni edəcəyik. Məqsədimiz qələbədir.

 

– Bu gün isə “Səbail”ə qarşı kubok oyunu var. Bu turnirdə “Zirə”nin hədəfi nədir?

– Ötən mövsüm finala qədər irəliləmişdik. Finalda məğlub olduq. Bu il də kubokda bacardığımız qədər irəli getmək istəyirik. Necə alınacağını isə zaman göstərəcək. Qol.az

Bənzər xəbərlər