1:6 uduzan millimizin baş məşqçisi: "Bu heyətin potensialı var"
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Maltada keçirilən oyunlarla bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə danışan 55 yaşlı mütəxəssis 13-cü qrupdakı ilk görüşdə Çexiyaya böyükhesablı məğlubiyyəti (1:6) rəqibin gücü və qırmızı vərəqə ilə əlaqələndirib: “Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bunun da müəyyən səbəbləri var. Üç fərqli oyun keçirdik. Hələ turnirdən əvvəl qrupun favoriti Çexiya yığması hesab olunurdu. Onlar, həqiqətən də, yüksək səviyyədə çıxış etdiklərini göstərdilər. İlk matçı çexlərə qarşı keçirdik. Rəqib onsuz da güclü idi. Üstəlik, Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Azlıqda qaldıqdan sonra 3 qol buraxdıq. Hikmət aparıcı futbolçularımızdan biri idi. Onun sonrakı iki görüşü buraxmasının da oyunumuza böyük təsiri oldu”.







