featured-image-78566

“Mançester Yunayted”in yarımmüdafiəçisi Tayler Fletçer Şotlandiya millisinin 2026-cı il dünya çempionatı heyətinə əlavə olunub.

Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu zədə səbəbindən turniri buraxacaq Billi Gilmoru əvəzləyəcək.

“Napoli”nin yarımmüdafiəçisi Şotlandiyanın Küraçao üzərində 4:1 hesablı yoxlama qələbəsinin ilk hissəsində dizindən zədə alıb.

Fletçer Şotlandiya millisində debütünü məhz Küraçao ilə oyunda edib. O, fasilədən sonra meydana daxil olub. Maraqlıdır ki, gənc yarımmüdafiəçinin “Mançester Yunayted”in əsas komandasında cəmi iki oyunu var. Futbolçu Premyer Liqada ümumilikdə 17 dəqiqə meydanda olub.

Tayler Fletçer “Mançester Yunayted” və Şotlandiya millisinin sabiq futbolçusu Darren Fletçerin oğludur. Baş məşqçi Stiv Klark onu müdafiəyəmeyilli yarımmüdafiə, mərkəz yarımmüdafiəçisi və hücuma yaxın orta xətt mövqeləri üçün ehtiyat variant kimi dəyərləndirir.

Şotlandiya yığması yaxın günlərdə ABŞ-yə yollanacaq. Komanda Dünya Çempionatı öncəsi son yoxlama oyununu 6 iyunda Boliviyaya qarşı keçirəcək. Stiv Klarkın komandası mundialda Haiti, Mərakeş və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.

Bənzər xəbərlər