“Liverpul” dünya çempionatının iştirakçısı ilə anlaşdı
“Liverpul” Seneqalın perspektivli cinah hücumçusu Sidi Barhama Ndiayenin gələcək transferi ilə bağlı razılıq əldə edib.
Msport.az xəbər verir ki, 16 yaşlı futbolçunun İngiltərə klubuna 2028-ci ilin yanvarında qoşulması gözlənilir.
Hazırda Qətərdə keçirilən U-17 dünya çempionatında iştirak edən Ndiaye uğurlu çıxışı ilə diqqət çəkir. Hücumçu noyabrın 23-də Seneqal millisinin Kubaya 9:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə edib.
Ötən yay “Liverpul”un akademiyasında sınaqdan keçən futbolçu hazırda ölkəsinin “Diambars” klubunda çıxış edir. O, ötən mövsüm komandasının Seneqal çempionatının yüksək liqasına yüksəlməsinə kömək edib.
Beynəlxalq transfer qaydalarına görə, futbolçu yalnız 18 yaşı tamamlandıqdan sonra İngiltərə klubuna qoşula biləcək.







