Azərbaycan millisinin sabiq üzvü, veteran futbolçu Ceyhun Sultanovun Msport.az saytına müsahibəsi
– “Qarabağ” bu gün Avropa Liqasında Almaniyada “Bayer”lə qarşılaşacaq. Bu oyunu F qrupunun iki favoritinin dueli adlandırmaq olarmı?
– Komandalar ilk pilləni bölüşdürürlər. “Bayer” favoritdir, ikinci yerə isə “Qarabağ” iddialıdır. Məncə də bu, elə favoritlərin oyunu olacaq.
– Ağdam klubu üçün çətin səfər matçından nə gözləyirsiniz?
– Həmişə “Qarabağ” oyunlarından öncə rahat danışırdım. Bu komandaya çox inanıram. Amma gəlin, reallığa baxaq. Görək, rəqib kimdir və hansı liqanı təmsil edir. Düşünürəm ki, “köhlən atlar” ən azı rəqibə müqavimət göstərməyə çalışacaq.
– Sizcə, “Qarabağ” səfərdə almanlardan xal almaq üçün hansı oyun üslubuna üstünlük verməlidir?
– “Qarabağ” rəqibdən asılı olmayaraq, həmişə bir oyun üslubundan istifadə edir və dominant futbol sərgiləməyə çalışır. Amma bugünkü rəqib Almaniya Bundesliqasının lideridir. “Qarabağ”ın onlara qarşı da belə oynayacağını düşünürəm. Amma keyfiyyət məsələsi var ki, bu matçda həmin amil həlledici rol oynayacaq.
– “Qarabağ” indiyə kimi avrokuboklarda alman təmsilçilərinə qalib gələ bilməyib. Bu dəfə uğursuz seriya qırıla bilərmi?
– Gəlin, görək Ağdam təmsilçisi indiyədək Almaniyanın hansı klublarına qarşı oynayıb? Söhbət ondan gedir. Bu gün uğursuz seriyanı qırmaq üçün əlindən gələni edəcək. Alınmasa belə, burada qəbahətli bir şey yoxdur. Əsas rəqiblərimiz başqalarıdır. “Qarabağ” bu gün ən azından yaxşı oyunla uduzmamalıdır.
– Qrupda növbəti iki oyun məhz “Bayer”ə qarşı olacaq. Necə düşünürsüz, “Qarabağ”ın qrupdan çıxması üçün Leverkuzen təmsilçisi ilə matçlar həlledici olacaq, yoxsa digər rəqiblərlə görüşlər?
– Fikrimcə, “Qarabağ” “Bayer”ə hər iki oyunda uduzsa belə, qrupdan çıxmaq şansı var. Təbii ki, “Molde” və “Hekken”ə qalib gəlmək şərti ilə.