featured-image-2887

Ötən gecə Avropa Liqasında və Konfrans Liqasında finalçılar bəlli oldu. Msport.az xəbər verir ki, Avroliqanın həlledici matçında Şotlandiyanın “Reyncers” komandası Frankfurt “Ayntraxt”ı (Almaniya) ilə qarşılaşacaqsa, Konfrans Liqasının finalında “Roma” (İtaliya) və “Feyenoord” (Niderland) komandaları üz-üzə gələcək.

Maraqlıdır ki, bu komandaların hamısı uzun müddətdən sonra avrokubokların finalına vəsiqə qazanıblar. Belə ki, “Ayntraxt” 42 il sonra qitə miqyaslı turnirin finalında oynamaq hüququ qazanıb. Almaniya klubu sonuncu dəfə 1979/80 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqası) finalında oynayıb. Həmin matçda Almaniyanın digər təmsilçisi – Mönxenqladbax “Borussiya”sını məğlub edən bu komanda çempion olub.

“Roma” 31 il sonra yenidən final həyəcanı yaşayacaq. “Canavarlar” son olaraq 1991-ci ildə UEFA Kubokunun finalında İtaliyanın digər təmsilçisi “İnter”ə uduzub.

“Feyenoord” 20 illik həsrətə son qoyub. Niderland klubu sonuncu dəfə 2002-ci ildə UEFA Kubokunun finalında Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşıb və çempion olub.

“Reyncers” isə 14 il sonra yenidən final oynayacaq. Britaniyalılar da 2008-ci ildə UEFA Kubokunun finalında Rusiyanın “Zenit” komandası ilə dueldən məğlub ayrılıb.

Sonda bir daha xatırladaq ki, “Reyncers” mayın 18-də finalda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə, “Roma” isə mayın 25-də Niderland “Feyenoord”u ilə ilə üz-üzə gələcək.

Bənzər xəbərlər