AFFA “Sabah”ın məşqçisini 4 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının VI turunda baş verənlərlə bağlı qərarlar açıqlanıb.
“İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə, yəni media sektora kənar şəxslərin daxil olması səbəbindən “İmişli” 1000 manat cərimələnib.
“Qarabağ”la matçın 1-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Prins Ovusu 2 oyunluq cəzalanıb, klubunu 1000 manat ziyana salıb.
“Şamaxı” ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat xərcə düşüb.
“Turan Tovuz” – “Kəpəz” oyununda qonaqların azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu, gəncəlilərə 5000 manatlıq cərimə bahasına başa gəlib.
“Sabah” – “Sumqayıt” matçının gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün meydan sahibləri 1000 manat cərimələnib. “Sabah” klubu eyni zamanda 4 üzvü sarı vərəqə aldığından, 700 manat cərimə olunub. 90+4-cü dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın məşqçisi Castinas Qasiunas isə 4 oyun cəzalanıb. Bakılılar daha 10 000 manat cəriməyə məruz qalıb.