Alvares “Atletiko”ya təzyiq edir - “Barselona” üçün
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirmək istəyir.
Msport.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinə “Atletiko” rəhbərliyi ilə birbaşa danışacağını və transferinə nail olmaq üçün növbəti dəfə ictimai açıqlama verəcəyini bildirib.
Alvares Madrid komandasının sərfəli təklif gələcəyi halda danışıqlar aparacağı ilə bağlı ona verdiyi vədə əməl etmədiyini düşünür. Buna görə 26 yaşlı hücumçunun transfer məsələsində daha sərt mövqe tutmağa hazır olduğu qeyd olunur.
“Barselona” isə Alvaresi hücum xətti üçün əsas transfer hədəfi hesab edir. Kataloniya təmsilçisi yeni və daha yüksək təklif göndərib-göndərməyəcəyinə qərar verməzdən əvvəl futbolçunun atacağı növbəti addımı gözləyəcək.
Qeyd edək ki, “Atletiko” rəhbərliyi Alvaresi satmaq niyyətində olmadığını dəfələrlə açıq şəkildə bəyan edib.







