featured-image-38316

“İlk qol zamanı heç kim mənə mane olmurdu. Sadəcə, top tam olaraq küncə gəldi. İstənilən halda, zərbəni dəf edə bilərdim”.

Msport.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının qapıçısı Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsində evdə Azərbaycan millisinə 0:2 hesabı ilə uduzduqları oyun barədə yerli mətbuata açıqlamasında deyib.

İngiltərənin “Arsenal” klubunda çıxış edən 21 yaşlı qolkiper penaltiyə səbəb olan vəziyyətdə nə baş verdiyini anlamadığını bildirib: “Sadəcə, topu itirdik. Bu cür beynəlxalq səviyyədə belə məqamlar dərhal cəzalandırılır. Rəqibin heyətində isə bunu edə biləcək kifayət qədər keyfiyyətli futbolçular var”.

Komandasının ardıcıl dörd oyundur qələbə qazana bilmədiyini xatırladan gənc oyunçu bunun yaxşı göstərici olmadığını vurğulayıb: “Hazırda vəziyyətimiz yaxşı deyil. Çox qol buraxırıq. Həmişə düzgün olanı etməyə çalışırıq. Amma rəqib komandalar fərdi keyfiyyətlərə görə bizdən güclüdür. Bu isə o deməkdir ki, komanda olaraq daha yaxşı oynamağa başlamalıyıq. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq. Rəqib bizi təzyiq altında saxladı. Müəyyən anlarda topa sahib olmaqda çətinlik çəkdik. Topla daha çox oynamalıyıq”.

O, Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu da yada salıb: “Səfər qarşılaşması ilə müqayisədə bu gün bütün matç boyu oyundan qopmadıq. Bakıdakı görüşdə ikinci hissədə üstünlük rəqibin tərəfində idi. Bu matçda isə daha çox qol fürsətimiz oldu. Təəssüf ki, istifadə edə bilmədik”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 16-da Bakıda Avstriya yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər