Azərbaycan kuboku tarixində ikinci dəfə - 21 ildən sonra
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında turnirin ən titullu klubları məğlub olub.
Msport.az xəbər verir ki, “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a (0:1), “Neftçi” isə evdə “Sabah”a (1:2) uduzub.
Belə bir olay Azərbaycan kuboku tarixində ikinci dəfə baş verib. İndiyə qədər yalnız bir dəfə “Qarabağ” və “Neftçi” yarımfinalın ilk görüşündə rəqibinə məğlub olub. Bu, 2003-04 mövsümünə təsadüf edib.
Həmin vaxt bakılılar səfərdə “Bakılı”ya 0:1, “Qarabağ” isə evdə “Şəmkir”ə 1:2 hesabı ilə yenilib. 21 il sonra da meydan sahibləri 1:2, qonaqlar 0:1 hesabına məyus olub. 21 il əvvəl “Neftçi” cavab matçında rəqibini üstələyərək finala yüksəlib və kuboku qazanıb.
Qeyd edək ki, “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.