featured-image-61886
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə geyim brendi “Danilov” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Danilov” brendinin təsisçisi İlyas Danilov imzalayıblar. Sazişə əsasən, “Danilov” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev tədbirdə çıxış edərək, nüfuzlu yerli şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib: “Bugünkü əməkdaşlıq münasibətilə hər iki tərəfi və ümumilikdə futbol ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bu müqavilənin müsbət nəticələrini görəcək və gələcəkdə bir-birimizin uğurlarına sevinəcəyik. Bizim üçün bu əməkdaşlıq xüsusi önəm daşıyır. Çünki Azərbaycan brendi ilə işbirliyinə başlayırıq. İnanıram ki, “Danilov” brendinin məhsullarından istifadə edərək, qələbələrə doğru inamlı addımlar atacağıq”.
İlyas Danilov da öz növbəsində AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Danilov” şirkəti olaraq bizim üçün çox özəl gündür. AFFA ilə müqavilə bağlayırıqsa, deməli, Azərbaycanda sözünü deyən brendlərdən biriyik. Əminəm ki, bu sövdələşmə hər iki tərəf üçün uğurlu olacaq. Birlikdə davamlı olaraq yalnız uğurlara imza atacağımıza inanırıq”.
Tədbirin sonunda milli komandamızın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən “Danilov”a hədiyyə olunub. Həmçinin “Danilov” brendi Azərbaycanın dünya şöhrətli hakimi Tofiq Bəhramovun 1966-cı ildə keçirilən dünya çempionatının finalındakı məşhur qərarı ilə qeydə alınan qolun əks olunduğu xüsusi rəsm əsərini AFFA-ya hədiyyə edib.

Bənzər xəbərlər