"Azərbaycandan 2 təklif almışdıq" - “Qarabağ”ın sabiq məşqçisi
“Qarabağ”ın sabiq məşqçisi Öndər Karaveli Türkiyə mətbuatına maraqlı açıqlama verib.
Msport.az xəbər verir ki, “Trabzonspor”da Abdullah Avcının köməkçisi olmuş Karaveli Azərbaycandan iki təklif aldıqlarını bildirib.
Onun sözlərinə görə, “Neftçi” və AFFA rəhbərliyi Avcının xidmətində maraqlı olub: “Avcı ilə daha əvvəl iki dəfə “Başakşəhər”də birgə çalışdım. “Trabzonspor”dan ayrıldıqdan sonra ona “Neftçi”dən və AFFA-dan təklif gəldi. Lakin komandanı yeni tərk etmişdi və danışıq da ciddi səviyyədə olmadı. Azərbaycan futbolu çox sevən, inkişafa açıq ölkədir. Əvvəllər “Qarabağ”da çalışmışam, o ölkəni çox sevirəm”.
Qeyd edək ki, ötən ilin yayında “Trabzonspor”dan ayrılan Abdullah Avcı hazırda işsizdir.