featured-image-37909

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib üç xal əldə etdik. Oyunçular çox əziyyət çəkdilər, amma sonadək dözdülər, matçı tam idarə edə bildilər. Mən dünən də bildirmişdim ki, “Hekken”in özünəməxsus oyunu var. Bəzi epziodların qarşısını ala bilmədik, amma futbolçular oyunu idarə edə bildilər. Azarkeşlərimizə də təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Hekken”ə qalib gəldikləri matçdan (1:0) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, qeyd edib ki, futbolçuları tapşırıqları demək olar ki, tam yerinə yetiriblər: “Ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Biz get-gedə oyunu daha da ələ ala bildik. Məncə, qalib gəlmək istəyiriksə, hər bir rəqibə qarşı daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Gələcəkdə daha üstün çıxış etsək, yaxşı olar. Amma ümumən oyundan razı qaldım”.

Mütəxəssis 3-cü və 4-cü turda qrupun və Bundesliqanın lideri “Bayer”ə qarşı keçirəcəkləri matçlar haqqında da fikirlərini bölüşüb: “Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşır. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Çünki bu, əlavə bir təcrübədir, həmişə bizə faydalı olacaq. “Bayer” də həm Bunesliqada, həm də Avroliqada ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. İnanıram ki, yaxşı oyun və mübarizə göstərəcəyik”.

Baş məşqçi müdafiəçi Bədavi Hüseynovun Maksim Medvedevlə əvəzlənməsinin səbəbini də açıqlayıb: “Bədavinin əzələsində ağrı oldu. Özü əvəzlənməsini istədi”.

O, Maksim Medvedevin qapıya gedən topun qarşısını aldığı epizodu şərh edərkən deyib: “Bu, hər futbolçunun etməli olduğu işdir, üzərinə düşən vəzifədir. Maksim də işin öhdəsindən gəldi. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır”.

Q.Qurbanov “Bu gün erməni təxribatı gözlənilirdi. Bu, futbolçulara necə təsir edir” sualını da cavablandırıb: “Belə şeylər olanda biz həmişə daha inamlı olmuşuq. Biz peşəkarıq. İşimiz meydanda futbol oynamaqdır. Hər oyunda təxribatların qarşısını almaq üçün UEFA tədbirlər görür. Düzdür, bəzi hallarda təxribat baş verib. Bu ölkədə hər şey bizim üçün xoş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hömətlə yanaşırıq. Həmişə başımız dik olub. Bu cür hallar bizə təsir etmir”.

Baş məşqçi zədəli futbolçusu Marko Veşoviçdən də danışıb: “Bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir”.

O, digər zədəli futbolçusu Bəhlul Mustafazadənin vəziyyəti haqda isə bunları deyib: “Ayağında sınıq var idi. Sağalması vaxt tələb edir”.

Bənzər xəbərlər