"Bayer"lə matçda hər futbolçu meydanda olmaq istəyir" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin “Bayer”lə matçından öncə “CBC Sport” kanalına açıqlamalar verib.
Msport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis öncə “Jean Borotra World Fair Play Career” mükafatını alması ilə bağlı təəsuratlarını bölüşüb:
“Çox xoş oldu. Bəlkə də düşünmək olardı ki, yaddan çıxmışdı. Bu hadisə xeyli müddət əvvəl olmuşdu. Mükafatı alanda yenidən o olaylar yadıma düşdü. Maraqlı tədbir alındı. Həm mən özümə, həm həmin epizoda çox xoş münasibət göstərildi. Məni bu mükafata layiq gördükləri üçün hər kəsə təşəkkür edirəm”.
Qurban Qurbanov “Bayer”lə oyundan öncə komandadakı ümumi durum barədə məlumat verib. O, Tovuz səfərindən sonra futbolçularda yorğunluq olduğunu bildirib: “Heyətdə ümumi olaraq problem yoxdur. Sadəcə “Turan Tovuz” səfərindən sonra bir az üzgünlük və yorğunluq var idi. Süni örtük və uzaq səfərin təsiri hiss olunurdu. Futbolçular xeyli güc sərf etmişdilər. Amma “Bayer”lə matç tam fərqli oyun, başqa bir turnirdir. Hər futbolçu meydanda olmaq istəyir. Demək olar ki, hamı hazırdır. Zədədən qayıdan bəzi futbolçular komanda ilə məşq etmələrinə baxmayaraq, fiziki durumları bizim istədiyimiz səviyyədə deyil”.
Təcrübəli məşqçi zədələrini sağaldan Bəhlul Mustafazadə və Marko Veşoviçin oynamağa hazır olduğunu deyib: “Ümumən normaldırlar. Demək olar ki, zədələri tam olaraq geridə qalıb. Hazırlıq səviyyələri tam qaydasında deyil. Bəhlul bir aydan bir az çoxdur ki, məşqləri buraxırdı. Durumu pis deyil, komanda ilə tam məşqlərə başlayıb. İstənilən tapşırığı yerinə yetirə bilir. Sadəcə oyun ritmi tam çatışmır. Onlara bu gün və sabah məşqlərdə nəzər yetirəcəyik”.