"Bəhanəyə ehtiyac yoxdur" - Mübariz Orucov
Oyunun gözəl keçdiyini söyləyə bilmərəm. Amma qarşılaşma maraqlı alındı”.
Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib: “Bu gün hər iki komanda qələbə qazanmaq istəyirdi. Şükürlər olsun, istəyinə çatan tərəf biz olduq. Komanda qalib gəlmək üçün əlindən gələni etdi. Azarkeşlərimizə də təşəkkür edirəçm. Bu gün bizə çox yaxşı dəstək oldular”.
O, ilk hissə ilə müqayisədə ikincidə “Sumqayıt”ın daha yaxşı çıxış etməsinin səbəbini də izah edib: “Fasilədə futbolçularla söhbət etdik, lazımi tapşırıqları verdik. Onlar da bildirdilər ki, nəyin hesabına olur-olsun, qələbə qazanmaq istəyirlər”.
M.Orucov birinci hissədəki zəif oyunu meydanın durumu ilə əlaqələndirməyib: “Bəhanəyə ehtiyac yoxdur. Meydan amili oyunumuza çox təsir etmədi. Lakin külək amilini qeyd etmək mümkündür”.
Mütəxəssis qapıda dəyişiklik edilməsinə belə münasibət bildirib: “Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovun yüngül zədəsi oldu, ona görə bu gün Orxan meydana çıxdı və ümidləri doğrultdu”.
O, Kasimir Ninqanın durumundan da söz açıb: “Bəzi futbolçular uyğunlaşma dövrünü tez keçirir, bəziləri gec. Ninqada hələ bu proses davam edir. O, pis oynamadı, lakin uyğunlaşması sürətli getmir. Bacarığını hələ ki, göstərə bilmir”.
Orucov Rövlan Muradovun cinah müdafiəçisi kimi pis çıxış etmədiyini söyləyib: “Mövsüm uzundur, rotasiyalar olacaq. Rövlan elə futbolçudur ki, üzərinə düşəni edir”.